Olavale Onanuqa da “Kəpəz”ə lazım olmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in dayaq yarımmüdafiəçisi Olavale Onanuqa Gəncə klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər başa çatmış müqaviləni yeniləməmək qərarına gəliblər. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Olavale Onanuqa 2025-ci ilin avqust ayında yenidən Gəncə klubunun sıralarına qayıtmışdı. Nigeriyalı dayaq yarımmüdafiəçisi ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 30 oyun keçirib, 1 qol vurub.

28 yaşlı futbolçu 2023/2024-cü illər mövsümündə də “sarı-göylər”in heyətində çıxış edib. Onanuqa həmin dövrdə “Kəpəz”də 27 oyuna 2 qol vurub. “Kəpəz”dən ayrılandan sonra Olavale “Əl-Nəsr” (Küveyt) və “Bney Yehuda” (İsrail) klublarında oynayıb. O, vaxtilə Albaniyanın “Kastrioti” klubunun da şərəfini qoruyub.

Xatırladaq ki, “Kəpəz” daha öncə Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov və Ehtiram Şahverdiyevlə də vidalaşmışdı. Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska isə klubla yeni müqaviləyə imza atıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: