Ötən mövsüm icarə əsasında “Şamaxı”da çıxış etmiş “Qəbələ”nin mərkəz yarımmüdafiəçisi Emil Süleymanov yenidən “Şamaxı”ya qayıdıb.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Süleymanov ötən mövsüm “Şamaxı”da icarə əsasında 28 oyuna çıxsa da, heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməmişdi. Bu üzdən klub mövsüm bitən kimi onunla da yollarını ayırmışdı. Amma bu gün “Şamaxı” 22 yaşlı futbolçunun “Qəbələ”dən birdəfəlik transfer edildiyini açıqlayıb. Yarımmüdafiəçi ilə 2 illik (1+1) müqavilə imzalandığı diqqətə çatdırılıb. Transferin digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Emil Süleymanov “Qəbələ”nin yetirməsidir. O, əyalət klubunun əsas komandasında 3 oyun keçirib.
“Şamaxı” bu yay Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli və Hacıəli Şirəliyevi də heyətinə qatmışdı. Abdulla Seydəhmədov və Həbib İsmayılovla yeni müqavilə imzalanıb. Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau isə komandanı tərk ediblər.


