Kilian Mbappe DÇ-2026-da rekordlar qırmağa davam edir

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/4 finalında Mərakeşə qarşı keçirdikləri oyunda növbəti tarixi rekordlara imza atıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu 2:0 hesabıyla qalib gəldikləri bu matçda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Düzdür, Kilian matçın 28-ci dəqiqəsində qazandığı penaltini qola çevirə bilməyib. Onun zərbəsini Mərakeş millisinin qapıçısı Yasin Bunu dəf edib. Buna baxmayaraq, Mbappe ikinci hissədə öz sözünü deyib.

O, 60-cı dəqiqədə hesabı açaraq DÇ-2026-da 8-ci qolunu vurub və həmin anda Argentina millisinin kapitanı Lionel Messiyə çataraq turnirin bombardirləri siyahısında birinci pilləni bölüşüb. Cəmi altı dəqiqə sonra isə Usman Dembelenin qoluna məhsuldar ötürmə verərək mundialda assistlərinin sayını 3-ə çatdırıb və 8 qol, 3 assistlə DÇ-2026-nın ən məhsuldar futbolçusuna çevrilib. Messinin aktivində isə hazırda 8 qol və 1 məhsuldar ötürmə var. Bombardirlər yarışında növbəti pillədə 7 qolla norveçli Erlinq Haland qərarlaşıb.

Mərakeşlə oyundakı qolu Mbappe üçün daha bir neçə tarixi nailiyyətlə əlamətdar olub. Fransalı hücumçu dünya çempionatlarında vurduğu qolların sayını 20-yə çatdıraraq bu həddi aşan tarixdə ikinci futbolçu olub. Bu göstəricidə o, yalnız 21 qolu olan Lionel Messidən geri qalır.

Kilian Mbappe eyni zamanda dünya çempionatlarında vurduğu qələbə qollarının sayını 8-ə yüksəldərək bu göstəricidə yeni mütləq rekord müəyyənləşdirib. O, indiyədək rekordu əlində saxlayan polyak Qjeqoj Lyatonu geridə qoyub.

Fransalı forvard pley-off mərhələsində də Lionel Messinin rekordunu təkrarlayıb. Mərakeşlə görüşdən sonra onun mundialların pley-off oyunlarında məhsuldar fəaliyyətlərinin sayı 14-ə (12 qol, 2 assist) çatıb. Messinin də pley-off mərhələsində 14 məhsuldar fəaliyyəti (7 qol, 7 assist) var.

Mbappe Fransa millisində də ilkə imza atdı

Kilian Mbappe Fransa millisinin heyətində də tarixi göstəriciyə imza atıb. O, yığmada 100 məhsuldar fəaliyyət həddini aşan ilk futbolçu olub. Hazırda onun hesabında milli komandada keçirdiyi 104 oyunda 64 qol və 37 məhsuldar ötürmə var.

Mbappe dünya çempionatlarında keçirdiyi oyunların sayına görə yığmanın rekordunu təkrarlayıb. 27 yaşlı futbolçu Mərakeşə qarşı oyuna start heyətində çıxmaqla dünya çempionatlarında 20-ci matçını keçirib. Bununla da Mbappe bu göstəricidə Fransa millisinin sabiq qapıçısı Uqo Lyorisin rekorduna şərik olub. 2018-ci il dünya çempionu olmuş Lyoris yığma karyerasını DÇ-2022-dən sonra başa vurmuşdu.

Bundan başqa, Mbappe dünya çempionatları tarixində iki müxtəlif mundialda ən azı 8 qol vurmuş ilk futbolçu olub. O, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında da 8 qol vuraraq turnirin bombardiri olmuşdu. Daha əvvəl Mbappe və Messi iki müxtəlif mundialda ən azı 7 qol vurmuş ilk futbolçular kimi tarixə düşmüşdülər.

Fransa millisi növbəti mərhələdə İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: