Dambrauskas: “TNS-lə matçda güclü olduğumuzu sübut etməliyik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-ə qarşı keçirəcəkləri cavab matçından danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Uels təmsilçiləri arasındakı cavab görüşü sabah İngiltərədə baş tutacaq.

Dambrauskas matçdan öncə təşkil eidlmiş mətbuat konfransında bunları söyləyib:

“Burada olduğumuz üçün çox xoşbəxtik. Həm futbolçular, həm də məşqçilər heyəti sabahkı oyunu böyük həyəcanla gözləyir.

Düzdür, cavab qarşılaşmasını səfərdə, İngiltərədə keçirəcəyik. İlk oyundan fərqli olaraq sabah daha yüksək konsentrasiya ilə çıxış etməliyik. Bilirik ki, rəqib doğma meydanda oynayacaq və burada yaradılacaq atmosferin fərqindəyik. Hamıya məlumdur ki, ev sahibi komandalar öz meydanında adətən 20-25 faiz daha yaxşı çıxış edirlər. Buna görə də arxayınlaşa bilmərik. İlk oyunda üstünlük qazanmağımıza baxmayaraq, artıq hər şeyin həll olunduğunu düşünməməliyik. Əksinə, sabah da əlimizdən gələni etməli, meydandan qələbə ilə ayrılmağa çalışmalı və daha güclü komanda olduğumuzu bir daha sübut etməliyik.

Sevindirici haldır ki, komandamız səfərə heç bir zədə problemi olmadan gəlib. Çox rahat və uğurlu səfər etdik, hətta uyğunlaşmaq üçün adət etdiyimizdən bir gün əvvəl bura gəldik. Komandada əhval-ruhiyyə yüksəkdir, hər kəs özünü yaxşı hiss edir. Sadəcə Stiv Solvet düşərgəmizdə deyil. Sabah meydanda ən yaxşı oyunumuzu göstərməli və keyfiyyətimizi bir daha nümayiş etdirməliyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: