Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, ÇL-də ilk mövsümünü keçirən paytaxt klubu startda Uels çempionu TNS ilə qarşılaşır.
Bu komandalar arasındakı ilk oyun Masazırda baş tutub və təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasındakı cavab görüşü isə İngiltərədə keçiriləcək. Osvestridəki “Park Holl”da baş tutacaq oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Azərbaycan çempionu heç-heçə, hətta minimal hesablı məğlubiyyət sayəsində də növbəti mərhələyə adlayacaq. Amma “bayquşlar”ın ÇL-dəki debüt mövsümündə mərhələni iki qələbə ilə adlaması daha möhtəşəm olacaq.
Qeyd edək ki, bu cütün qalibi növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
14 iyul
21:30. TNS – Sabah
Hakimlər: Mateo Buskets Ferrer, İnyiqo Prieto, Qonsalo Qarsiya Qonsales, Migel Anxel Ortis Arias (İspaniya).
Osvestri. “Park Holl”.


