Deşam: “İspaniya bizdən daha üstün olduğunu göstərdi”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının texniki baxımdan rəqibdən geri qaldığını etiraf edib.

Deşam eyni zamanda oyunun hakimliyi ilə bağlı da sual ünvanlayıb:

“Futbolçularımız məyusdurlar. Ancaq obyektiv yanaşsaq, texniki cəhətdən lazımi səviyyədə deyildik. Bu, bizim öz günahımızdır.

İndi nəsə desəm, məğlubiyyətdən sonra məni ağlayan tərəf kimi qələmə verəcəklər. Amma bir sual vermək istəyirəm: bu hakim yarımfinalı idarə etmək üçün lazımi səviyyədədirmi? Buna özüm cavab verməyəcəyəm. Oyunda kifayət qədər mübahisəli epizodlar oldu.

Əsas səbəb isə odur ki, biz öz səviyyəmizdən aşağı çıxış etdik. Təhlükəli vəziyyətlər yarada biləcək çoxlu texniki səhvlərə, uğursuz ötürmələrə yol verdik.

Bu, ən yüksək səviyyədir və bunu qəbul etmək ağrılı olsa da, reallıqdır. İndi üçüncü yer uğrunda oyuna çıxacağıq. İndiyədək gördüyümüz işi kiçiltmək istəmirəm. Sadəcə, bu matçda İspaniya bizdən daha üstün olduğunu göstərdi.

Özüm haqqında düşünmürəm. Futbolçularla birlikdə finala qədər irəliləmək üçün hazırlaşmışdıq. Buna nail ola bilmədik və bu, böyük məyusluqdur. Bununla belə, komandamızın gördüyü yaxşı işi kölgə altına salmaq istəmirəm. Hesab edirəm ki, toparlanmağı bacarmışdıq. Eyni zamanda, İspaniyanın da haqqını vermək lazımdır. Onlar oyuna tam nəzarət edirdilər.

Bizə dəqiqlik və enerji çatmadı. İspanlar rəqibin hücumlarını oxumaqda, ötürmələri ələ keçirməkdə çox ustadırlar. Onların müdafiəsini daha çox çətin vəziyyətə salmaq istəyirdik”.

“Bu yanaşma bizi bu nöqtəyə gətirdi”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente isə Fransa üzərindəki qələbəni komanda birliyi ilə əlaqələndirib:

“Demək olar ki, dörd il əvvəl müəyyən bir ideya ilə yola çıxmışdıq və bu ideyaya sadiq qaldıq. Məhz bu yanaşma bizi bu nöqtəyə gətirdi.

Bu gün dünyanın ən güclü milli komandalarından biri ilə qarşılaşdıq. Ancaq onların qarşısında dünyanın ən yaxşı komandası dayanmışdı.

Biz vahid komandayıq. Bu uğuru fədakarlığımız və istedadımız sayəsində tam haqq etmişik. Futbolçularımız hər gün öz sədaqətlərini, birliklərini, səxavətlərini və bacarıqlarını nümayiş etdirirlər. Onlar çətin görünən işləri asanlaşdırırlar”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: