“Sabah”, “Qarabağ” və “Zirə” komandalarının avrokuboklardakı uğurlu nəticələri sayəsində Azərbaycan futbol tarixində yeni rekord qeydə alınıb.
Arena.az xəbər verir ki, sözügedən komandalar 2026/2027-ci illər mövsümünün startında Avropa miqyaslı yarışlarda ardıcıl 7 qələbə qazanıblar.
Bununla təmsilçilərimiz 2017/2018-ci illər mövsümündəki rekordu yeniləyiblər. Həmin mövsüm Azərbaycan təmsilçiləri avrokuboklarda ardıcıl 6 qələbə qazanmışdılar.
Cari mövsümün startında indiyə qədər keçirilmiş bütün matçlarda rəqiblərini məğlub etmiş klublarımız ümumilikdə 17 qol vurub, 1 top buraxıblar.
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-i (Uels) 2:0 və 2:1, 2-ci təsnifat mərhələsində KuPS kollektivini (Finlandiya) 1:0 hesabıyla üstələyib. “Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”ni (İslandiya) hər iki oyunda 3:0, “Zirə” isə Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”nu (Kutaisi, Gürcüstan) hər iki görüşdə 3:0 hesabı ilə məğlub edib.
Avrokuboklardakı digər təmsilçimiz “Neftçi” isə ilk sınağına bu gün çıxacaq. “Ağ-qaralar” doğma meydanda Belarusun “Dinamo” (Minsk) kollektivini sınağa çəkəcəklər.


