“Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsində KuPS komandasına qarşı keçirdiyi cavab oyunu yubileylərlə əlamətdar olub.
Arena.az xəbər verir ki, Finlandiyada 2:0 hesabı ilə qalib gələn Bakı klubu avrokuboklarda 10-cu qələbəsini qazanıb.
Qitə miqyaslı turnirlərdə 4-cü mövsümünü keçirən komanda yubiley qələbəsini 18-ci matçında əldə edib. Son çempion ölkə futbolu tarixində ən azı 10 avrokubok matçında qalib gələn 5-ci komanda olub.
Bu, Azərbaycan klublarının avrokuboklarda səfərdə qazandığı 70-ci qələbə kimi tarixə düşüb. Təmsilçilərimiz rəqib meydanındakı 251 sınaqdan bu qədər qələbə qazanıb.
“Bayquşlar”ın ikinci qolunun müəllifi Coy Lens Mikels də avrokuboklarda 10-cu dəfə fərqlənib. Almaniyalı futbolçu buna paytaxt təmsilçisi ilə çıxdığı 16-cı belə matçda imza atıb. Mikels Azərbaycan klublarının heyətində 10 və daha çox qola imza atan 7-ci futbolçu olub. O, Emin Mahmudov və Filip Ozobiçlə eyni sayda fərqlənib.
Qeyd edək ki, cari mövsümdə keçirdiyi 4 oyunun hamısında qalib gəlmiş “Sabah” ölkəmizin UEFA reytinqinə 1,000 xal qazandırıb və avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.


