“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində KuPS komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Finlandiya çempionları arasındakı cavab görüşü bu gün Kuopioda baş tutub.
İlk oyunda 1:0 hesabıyla qalib gəlmiş “Sabah” səfərdə də 2:0 hesabıyla üstün olub və növbəti mərhələyə vəsiqə qazanıb.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının çıxışını yüksək qiymətləndirib:
“Komandanı, azarkeşləri, rəhbərliyi və bütün Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə adlaması tarixi uğurdur. Çox çətin oyundan sonra bunu bacardığımız üçün qürur duyuram. KuPS azarkeşlərini də təbrik edirəm, onlar öz komandaları ilə fəxr edə bilərlər”.
Baş məşqçi ilk hissədə rəqibin daha yaxşı oynadığını vurğulayıb:
“İlk matçdakı 1:0 hesablı qələbəyə baxmayaraq, rəqib yaxşı hazırlaşmışdı. Birinci yarıda onlar daha fəal idilər. Fasilədə futbolçularla nə etməli olduğumuz barədə müzakirə apardıq və şadam ki, onlar tapşırıqları dəqiq yerinə yetirdilər. İkinci yarıda daha üstün oynadıq, qol vurduqdan sonra isə təşəbbüsü tamamilə ələ aldıq. İki oyunun nəticəsinə görə mərhələ adladığımız üçün məmnunam. Bu gecə Bakıya uçuruq və növbəti həftə keçiriləcək qarşılaşmaya hazırlaşmalıyıq. Çünki avrokuboklar böyük güc tələb edir”.
Xatırladaq ki, “Sabah” Finlandiya komandasını iki oyunun nəticəsinə mübarizədən kənarlaşdıraraq ÇL-də növbəti mərhələyə vəsiqə qazanıb. Azərbaycan çempionu bu nəticədən sonra ən azı Avropa Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib. Amma “bayquşlar” daha uğurlu olacağı təqdirdə ÇL-in və Avroliqanın da qrup mərhələsinə yüksələ bilərlər.
Nuutinen: “Keyfiyyətli komandaya uduzduq”
KuPS komandasının baş məşqçisi Miika Nuutinen də matçdan sonra fikirlərini bölüşüb:
“Bir həftə əvvəlki oyundan fərqli futbol nümayiş etdirmək istəyirdik. Xüsusilə ilk hissədə buna nail olduq. Topa daha çox sahib olduq, hücumlar qurduq, rəqibə təzyiq etdik və bir neçə yaxşı qol imkanı yaratdıq. Amma ilk qolu vura bilmədik. Rəqibin ilk qolunun qarşısını ala bilərdik. Bundan sonra oyuna əvvəlki kimi nəzarət edə bilmədik və enerjimiz də azaldı. Evdə 0:2 hesabı ilə uduzduğumuz üçün çox məyusuq. Amma Bakıda keçirdiyimiz ilk oyundan fərqli olaraq, bu dəfə olmaq istədiyimiz komandaya daha çox bənzəyirdik. Biz çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanmış komandaya uduzduq. “Sabah”ı təbrik edirəm”.


