“Orhus”un baş məşqçisi Yakob Poulsen Çempionlar Liqasının 3-cü raundunda “Sabah”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Danimarka çempionları arasındakı cavab görüşü sabah Masazırda baş tutacaq.
Yakob Poulsen bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Sabah yaxşı oyun sərgiləyəcəyimizə ümid edirik. Uzun yol qət etmişik. Həftəsonu oyun keçirməmişik. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Çempionlar Liqasında pley-off mərhələsinə adlamaq üçün oynayacağıq. Heyətdə zədəli futbolçularımız var idi. Artıq sağalıblar və oynayacaqlar. Sabah üstün olan tərəf növbəti mərhələyə yüksələcək. Hava istidir, amma bu şərtlər altında oynamağa məcburuq”.
Mütəxəssis “Sabah”ın çempionluğunu xüsusi vurğulayıb:
“Çox maraqlı oyun oldu. Sevinirəm ki, ilk matçda qələbə qazandıq. Sabah ötən mövsümdə böyük fərqlə çempion olmuşdu. Bu məndə bəzi suallar yaratmışdı”.
“Orhus”un futbolçusu Tobias Bek də “Sabah”a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında iştirak edib. O, görüşə qələbə üçün çıxacaqlarını bildirib:
“Hava istidir. Bu, bizim üçün əlavə çətinliklər yarada bilər. Fikrimcə, cavab matçında daha yaxşı çıxış etməliyik ki, növbəti mərhələyə çıxaq. Rəqibə pressinq etməliyik. Xırda düzəlişlər olmalıdır. Danimarka çempionatında bir neçə günlük fasilə oldu. Düşünürəm ki, bu, oyuna hazırlaşmaq üçün faydalı idi. Sabahkı matçda qələbə qazansaq, ən azı Avropa Liqasının pley-off mərhələsinə düşəcəyik. Bu, komandamız üçün tarixi bir nəticə olar. Bu, mənim üçün çox böyük uğurdur. Amma Çempionlar Liqasında əsas mərhələyə yüksəlməyə çalışırıq. Bu da çox böyük uğur olacaq”.
Futbolçu Azərbaycan çempionunun oyununa da toxunub:
“Sabah”ın oyunu bizi təəccübləndirmədi. Çünki rəqiblərini qabaqlayaraq ölkə çempionu olub”.
Qeyd edək ki, “Sabah” – “Orhus” matçı avqustun 11-də “Masazır Arena”da baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək. İlk matçda Danimarka təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.


