“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 1-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə bütün futbolçularımı və “Sabah”ın azarkeşlərini təbrik edirəm. Bu gün bizim üçün ən önəmli məsələ 3 xal qazanmaq idi və buna nail olduq. İndi isə bu oyunu geridə qoyuruq. Əlbəttə, matçı təhlil edəcəyik, fərdi şəkildə futbolçularımıza səhvlərini göstərəcəyik.
Hazırda taktiki məsələlər barədə çox danışmağın elə də böyük əhəmiyyəti yoxdur. Çünki son oyunumuzda, demək olar ki, bütün emosiyalarımızı və enerjimizi sərf etmişdik. Belə bir oyundan sonra növbəti matça köklənmək müəyyən qədər çətin olur. Gördüyünüz kimi, bu gün meydana 100 faiz rotasiya ilə çıxdıq. Mən futbolçularımı da başa düşürəm. Onların bir çoxu bu heyətdə ilk dəfə, bəziləri isə ikinci dəfə birlikdə oynayırdılar. İlk hissədə istədiyimiz kimi çıxış etmədik. Səliqəsiz oynadıq, kifayət qədər enerjimiz yox idi və bəzən düzgün pressinq tətbiq etmirdik. Bu da müdafiə xəttimizin lazımi şəkildə irəli çıxmamasına səbəb olurdu. Nəticədə rəqib qapısı qarşısında ciddi təhlükə yarada bilmirdik.
İkinci hissədə müəyyən düzəlişlər etdik və demək olar ki, hər şey dəyişdi. Oyuna daha çox enerji gətirdik, rəqibi öz cərimə meydançasına sıxışdırdıq və iki qol vuraraq qalib gəldik.
Ən önəmli məqamlardan biri də heç bir futbolçumuzun zədə almamasıdır. İndi hər kəs növbəti oyuna hazır olacaq. Qarşıda bizi çox ağır matç və uzun səfər gözləyir. Rumıniyada çox vacib bir oyuna çıxacağıq”.
“İndi neqativ məqamlar haqqında düşünmək lazım deyil”
Valdas Dambrauskas yeni futbolçuların ümidləri tam doğrulda bilməməsinə də aydınlıq gətirib:
“Bu futbolçular 6-7 oyunu birlikdə keçirsələr, tamamilə fərqli mənzərənin şahidi ola bilərsiniz. İndi onları nəyəsə görə mühakimə etmək ədalətsizlik olardı. Əlbəttə, bu gün bəziləri kifayət qədər yaxşı çıxış etdi, bəziləri isə istədiyimiz səviyyədə oynaya bilmədi. Amma ən önəmlisi odur ki, bu gün qələbə əhval-ruhiyyəsini əldə etdik və 3 xal qazandıq. İndi neqativ məqamlar haqqında düşünmək lazım deyil. Daha çox pozitiv məqamlara köklənməliyik. Qarşıda bizi çox ağır oyun gözləyir”.
Azər Məmmədov hücumçu yolu gözləyir
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“İlk növbədə, çempionatın başlaması münasibətilə bütün futbol ictimaiyyətini və sizi təbrik edirəm. Hazırda çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. İstənilən halda hər bir komanda ilə qarşılaşmalıyıq. Bizim bəxtimizdən ilk turda “Sabah”la oynadıq.
Futbolçularımıza təşəkkür etmək istəyirəm. “Sabah”ın çox güclü komanda olmasına baxmayaraq, futbolçularımız çəkinmədilər. Meydanda özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Ümumiyyətlə, komandamdan, futbolçularımdan razıyam. Bu oyuna görə onlara təşəkkür edirəm. Çempionat uzun marafondur, qarşıda hələ çox oyunumuz var. İnşallah, hər şey yaxşı olar.
Hər klubun müəyyən büdcəsi var və komanda həmin büdcəyə uyğun komplektləşdirilir. Bizim də müəyyən büdcəmiz var. Rəhbərliklə birlikdə çalışdıq ki, həmin imkanlardan maksimum yararlanaq. Düşünürəm ki, bundan pis istifadə etməmişik. Hələlik, transferlərimizdən narazılığımız yoxdur. İnşallah, gələcək göstərəcək ki, etdiyimiz transferlər bizim üçün nə dərəcədə uğurlu alınıb.
Daha bir-iki mövqeyə, xüsusilə hücum xəttinə futbolçu transfer etməyi düşünürük. Bu, yerli futbolçu da ola bilər. Düzdür, hazırda yerli futbolçu tapmaq bir qədər çətindir. Ona görə də digər istiqamətlərdə də axtarışdayıq. Hücum xəttinə bir-iki futbolçu cəlb etmək istəyirik”.


