Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Orhus”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Danimarka çempionları arasında bu gün Masazırda baş tutmuş cavab görüşü “Sabah”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının ÇL-də pley-offa vəsiqə qazanmasına belə şərh verib:

“Azərbaycanlı futbol azarkeşlərini, futbolçularımı və hər kəsi təbrik edirəm. Oyunçularımla qürur duyuram. Səfərdə məğlub olduqdan (1:2) sonra nəticə çıxarmışdıq. Cavab matçına daha hazırlıqlı idik. Bu gün kim yaxşı oynasaydı, o da qalib gələcəkdi.

İlk hissədə rəqibin bir qol vurmaq imkanı oldu. Lakin qapıçımız yaxşı çıxış etdi. Bununla belə, əsasən qarşılaşmada üstün olan tərəf biz idik. Biz bu gün qələbəmizi bayram edəcəyik”.

“Orhus”un baş məşqçisi Yakob Poulsen isə böyükhesablı məğlubiyyəti belə şərh edib:

“İkinci hissədə çox səhvlər etdik. Topu “Sabah” kimi güclü komandalara versən, onlar səni cəzalandırarlar. 1 saat ərzində qapımızı toxunulmaz saxlamağı bacardıq. Lakin ikinci yarıda “Sabah” üstün oyun nümayiş etdirməyə başladı. Biz isə bir çox səhvlərə yol verdik”.

Qeyd edək ki, “Sabah” bu nəticədən sonra ən azı Avropa Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: