Zlatko Daliç BƏƏ millisinin baş məşqçisi təyin olundu!

Futbol üzrə Xorvatiya millisinin sabiq çalışdırıcısı Zlatko Daliç Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.

BƏƏ Futbol Federasiyasının açıqlamasına əsasən, 59 yaşlı mütəxəssislə 4 illik (2030-cu ilin 30 iyununadək) əmək müqaviləsi imzalanıb. Daliç bu postda rumıniyalı məşqçi Kosmin Oleroyunu əvəzləyib.

Xorvatiyalı məşqçi BƏƏ futboluna yaxşı bələddir. O, 2014-2017-ci illərdə ölkənin ən titullu və tanınmış klublarından biri olan “Əl-Ayn”a rəhbərlik edib. Daliçin rəhbərliyi altında komanda Asiya Çempionlar Liqasının finalına qədər yüksəlib.

Mütəxəssisin son iş yeri Xorvatiya millisi olub. Daliç 2026-cı il dünya çempionatından sonra yığmadan ayrılıb. ABŞ, Kanada və Meksikada keçirilən mundialda xorvatlar gözləntiləri doğrultmayıb və 1/16 final mərhələsində Portuqaliyaya 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.

Zlatko Daliç qarşısında BƏƏ millisinin oyun modelinin yenilənməsi və komandanın Asiya futbolunda aparıcı mövqelərə çıxarılması məqsədi qoyulub. Yeni baş məşqçi bu vəzifədə Yaxın Şərq futbolundakı əvvəlki təcrübəsindən də yararlanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: