Son olaraq Belçikanın “Dender” klubunda çıxış etmiş yarımmüdafiəçi Desmond Akva bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
“Kəpəz” 24 yaşlı oyunçu ilə müddəti 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulmuş 1 illik müqavilə imzalandığını bəyan edib. Belçikalı mərkəz yarımmüdafiəçisi yeni klubuna azad agent kimi qoşulub.
Qeyd etdiyimiz kimi, Desmond Akva son olaraq Belçikanın “Dender” klubunda çıxış edib. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 15 oyunda 2 qol vurub.
Əslən Qanadan olan futbolçu Belçikada dünyaya göz açdığı üçün bu ölkənin vətəndaşlığını daşıyır. O, peşəkar futbolçu karyerasına da Belçikanın digər klubunda, yetirməsi olduğu “Leuven”də başlayıb.
“Kəpəz” bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Ürfan Abbasov, Kennet Kalunqa, Rafael Məhərrəmli, Viktor Stina, Hüseyn Babayev, Namiq Ələsgərov, Benito və Rəşad Əzizli ilə də güclənib.
Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska, Ümid Səmədov və Elgün Bayramovla yeni müqavilə imzalanıb. Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa və Ryonosuke Ohori isə komandanı tərk ediblər.


