Velko Simiç ÇL-də tarixi uğura imza atdı

Azərbaycan çempionu “Sabah”ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasında (ÇL) ardıcıl 5-ci oyunda qol vurub.

Arena.az xəbər verir ki, o, pley-off mərhələsinin “Hapoel” (Beer Şeva, İsrail) ilə səfərdəki ilk oyununda (1:2) fərqlənib.

Serbiyalı yarımmüdafiəçi buna qədər ÇL-in 2-ci təsnifat mərhələsinin KuPS (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə 3-cü təsnifat mərhələsinin “Orhus” (Danimarka) ilə görüşlərində (1:2, 4:0) də rəqib qapısına yol tapmışdı.

Velko Simiç bununla da Azərbaycan futbolu tarixinə klublarımızın heyətində UEFA Çempionlar Liqasında ardıcıl 5 matçda qol sevinci yaşamış ilk oyunçu kimi düşüb. Buna qədər şərikli rekord “Qarabağ”ın hücumçularına məxsus idi. Redon Cica 2023/2024-cü, Olavio Juninyo 2024/2025-ci illər mövsümündə ardıcıl 4 qarşılaşmada azarkeşləri sevindirmişdi. Cica 1-ci və 2-ci təsnifat mərhələlərində 4 oyunda 5, Juninyo 2-ci və 3-cü təsnifat mərhələlərindəki 4 görüşdə 6 qol vurmuşdu.

Qeyd edək ki, Simiç imza atdığı rekord seriyanı növbəti qarşılaşmalarda uzada da bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: