“Korintians” Memfis Depay ilə yollarını ayırdı – Səbəb

Braziliyanın “Korintians” klubu Niderland yığmasının da üzvü olan hücumçu Memfis Depay ilə müqaviləni yeniləməmək qərarına gəlib.

Arena.az xəbər verir ki, klub 32 yaşlı futbolçu ilə əməkdaşlığın maliyyə vəziyyətinə görə dayandırıldığını açıqlayıb.

Braziliya nəhənginin sosial şəbəkə hesablında yayılan rəsmi bəyanatda bildirilib ki, qərar yalnız klubun maliyyə vəziyyəti ilə əlaqədardır. Komanda mövcud resursların idarə olunmasında ciddi balans və məsuliyyətə ehtiyac olduğunu vurğulayıb.

Depay 2024-cü ilin sentyabrında azad agent kimi Braziliya klubuna qoşulub. Niderlandlı futbolçu qısa müddətdə “Korintians”ın hücum xəttinin əsas fiqurlarından birinə çevrilib.

32 yaşlı hücumçu Braziliya klubunun heyətində bütün turnirlər üzrə 79 rəsmi matçda iştirak edib. Bu görüşlərdə 20 qol vuran Depay 15 məhsuldar ötürmə də edib.

Bununla belə, klubun maliyyə problemləri tərəflərin əməkdaşlığının davam etməsinə imkan verməyib.

“Transfermarkt” portalı hazırda niderlandlı futbolçunun bazar dəyərini 7 milyon avro qiymətləndirir. Beləliklə, Depay yenidən azad agent statusunda transfer bazarına çıxaraq karyerasını davam etdirəcəyi yeni klub axtaracaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: