“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının pley-offunda “Hapoel”ə (Beer Şeva) qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, İsrail çempionuna səfərdə 1:2 hesabıyla uduzmuş “Sabah” doğma meydanda 5:2 hesabıyla qalib gələrək ÇL-in əsas mərhələsinə vəsiqə qazanıb.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Gözəl gecədir, gözəl atmosferdir. Stadiona gələn azarkeşlərin hamısını bir-bir qucaqlamaq istəyirəm. Şəxsən onlara təşəkkür edirəm ki, gəldilər, bizə dəstək oldular. Onların enerjisi bu atmosferi yaratdı. Futbolçularım möhtəşəm oynadılar. Onlar buna inandılar. Bu vəzifənin öhdəsindən gələcəklərinə hər gün inanırdılar. “Sabah” karyeramda işlədiyim ən yaxşı komandadır. Futbolçular bunu bir daha sübut etdilər. Çox çətin məqamda işin öhdəsindən gəldilər. Bəlkə də əsas vaxtın sonunda kimlərsə ümidini itirmişdi. Amma futbolçularım sona qədər inandılar, mübarizə apardılar. Gələcəkdə nə baş verəcəyini isə zaman göstərəcək. Dünyanın ən yaxşı turnirinin qrup mərhələsindəyik, ən yaxşı komandalara qarşı oynayacağıq. Qürur duyuruq. Dünyanın ən xoşbəxt baş məşqçisiyəm.
ÇL-in Liqa mərhələsində hansı komanda gəlirsə-gəlsin, ona qarşı oynayacağıq. Böyük stadionlarda, böyük komandalara qarşı oynayacağıq. İstəyimiz elə də əhəmiyyət kəsb etmir. Gəlin görək nə baş verəcək. Püşk hər şeyi göstərəcək. Hələliksə, sevinmək zamanıdır.
Biz cəhd göstərdik. Sürpriz etməyə çalışdıq. Niyə? Çünki biz evdə qalib gələndə, müəyyən üstünlüklərimiz olur. Qalib gələn komandalar çox vaxt oyun üslubunu dəyişmirlər. “Hapoel” evdəki kimi oynadı bizimlə. Buxarestdəki matç bitən kimi dedim ki, müəyyən dəyişikliklər etməliyəm və səhv etmədən müəyyən sürprizlər etməliyik. Ona görə bu gün bəzi dəyişikliklər etdik. Rəqib də müəyyən mənada çaşdı. Rəqib önə keçəndə hesabı qorumağa çalışdı. Düşündük ki, bunu lehimizə çevirə bilərik. Bütün dəyişikliklər əvvəldən düşünülmüşdü. “Hapoel”in də bir az bəxti gətirdi. İki dəfə topumuz dirəkdən qayıtdı, amma həvəsdən düşmədik. Tellurun qolu bunların əvəzini çıxdı”.
“Mən ümidimi heç vaxt itirmirəm”
Dambrauskas oyunun əlavə vaxta getməsinə səbəbkar olmuş Tellur Mütəllimovun əsas vaxtın son saniyələrində qələbə qolunu vurmasına da toxunub:
“Tellur gözəl xatirələrlə yadda qalacaq. Ona güvənirik. Gələcəkdə övladlarına, nəvələrinə deyəcək ki, vacib qollar vurmuşam. Tellur və digər oyunçular meydanda bütün güclərini qoyur, bir-birilərinə hörmət edirlər. Mütəllimov gözəl xarakterə sahibdir. Nə zaman ehtiyac olarsa, hazırdır. Onunla qürur duyuram.
Mən ümidimi heç vaxt itirmirəm. Futbolçularımdan da soruşa bilərsiniz. Hesabı bərabərləşdirəndə də, əvəzetmə edəndə də inanırdım ki, qarşıda iki dəqiqəmiz var və qol vura bilərik. Son dəqiqələrdə də bu fikirdə idim. İnam çox vacibdir. Bəzən bəxt gətirir, bəzən gətirmir. Bizim üçün bu gün hər şey yaxşı oldu”.


