“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Premyer Liqanın 3-cü turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Gəncədə keçirilmiş oyununda meydan sahibləri 1:0 hesablı qələbəyə seviniblər.
Azər Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə şəhərimiz və Azərbaycanımız üçün belə bir stadionu ərsəyə gətirən hər bir kəsə təşəkkürümü bildirirəm. Yeni meydançamızda ilk oyunumuz idi və qələbə qazanmaq sevincimizi ikiqat artırdı. Möhtəşəm azarkeş dəstəyi var idi. Arzulayıram ki, ölkəmizdəki hər bir matçda belə tribunalar və azarkeş coşqusu olsun. Oyuna gəlincə, çox güclü rəqibə qarşı mübarizə aparırdıq. “Turan Tovuz”u analiz edəndə müdafiə xəttinin necə mütəşəkkil olduğunu görürdüm, lakin futbolçularıma təşəkkür edirəm, möhtəşəm performans göstərdilər. Matçın ilk 15–20 dəqiqəsində uşaqlar həyəcandan bir az özlərini itirmişdilər, lakin sonradan oyunda tarazlığı bərpa edə bildik. Nəticədə çox ağır və vacib qələbə qazandıq.
“Gəncədə gəncəli məşqçi işləməlidir” fikri ilə heç cür razılaşmıram. Bu, yanlış yanaşmadır. Azərbaycanın hər bir bölgəsindən olan və ya xarici mütəxəssis, kim layiqdirsə, o da işləməlidir. Keçmişə baxsaq, burada müxtəlif bölgələrdən olan məşqçilər uğurla çalışıblar. Bu gün mənə etimad göstərilibsə, mən buradayam. Azarkeşlərimiz həmişə qələbə istəyirlər və onlar buna layiqdirlər. Biz də onları sevindirmək üçün əlimizdən gələni edirik.
Bu gün qazanılan qələbə tam fərqli hisslər yaşadır. Həm yeni stadionun açılışı idi, həm də Qərb derbisində qələbə qazanmaq daha qürurvericidir.
İlk dəqiqələrdə rəqibin gücünü və göstərdiyi təzyiqi nəzərə alsaq, futbolçuların gərginliyi normal idi. Fasilədə paltardəyişmə otağında tapşırıq verdim ki, müdafiəyə qapanmasınlar və irəli çıxsınlar. Uşaqlar da bu tapşırığı layiqincə yerinə yetirdilər. Sarı vərəqələrə gəlincə, bunu sərt oyun kimi dəyərləndirməzdim. Bu, futbolçuların həddindən artıq motivasiyalı və istəkli olmasından irəli gəlirdi. Bəzi epizodlarda mən özüm də komandanı tanımaqda çətinlik çəkirdim. Vərəqələrin bir neçəsi taktiki və mübarizə follarına görə idi”.
İstefa şüarları Berdıyevi narahat etmir
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Təəssüf doğuran məğlubiyyətdir. Əslində, bu qarşılaşmada ötən turlarla müqayisədə daha yaxşı oyun nümayiş etdirdik. Rəqib əlinə düşən tək fürsəti qola çevirə bildi. Bizim də çoxsaylı qol epizodları yaratdığımızı demək olmaz. Oyunumuzu daha da yaxşılaşdırmaq üçün düzgün nəticələr çıxarmalıyıq.
Məni ən çox narahat edən məhz hücum xəttidir. Son oyunda Dioqo Balau zədə səbəbindən iştirak edə bilməmişdi. O, dünən ilk dəfə məşqə çıxdı. Digər hücumçularımız yox idi, Vadji da zədələnmişdi. Futbolda belə hallar olur. Düşünürəm ki, tezliklə hər şey öz qaydasına düşəcək.
“Kəpəz”in oyunu çox xoşuma gəldi. Meydanda böyük istəklə mübarizə apardılar, azarkeş dəstəyi də möhtəşəm idi. Hər bir top uğrunda axıra qədər döyüşdülər. Azərbaycanda belə modern stadionların tikilməsinə yalnız sevinə bilərəm. Ölkədə bu tip yeni və gözəl arenaların sayı nə qədər çox olsa, futbolun inkişafı üçün bir o qədər yaxşıdır”.
Berdıyev matçdan sonra azarkeşlərin onu istefaya səsləməsinə də münasibət bildirib: “Bu, məni narahat etmir”.


