Kilian Mbappe Çempionlar Liqasında vurduğu qolların sayını 71-ə çatdıraraq turnirin ən yaxşı bombardirləri arasında 5-ci pilləyə yüksəlib.
Arena.az xəbər verir ki, “Real”ın fransalı hücumçusu bu göstəriciyə turnirin əsas mərhələsində “İnter”ə qarşı keçirdikləri oyunda nail olub.
Mbappe 14-cü dəqiqədə hesabı açaraq Çempionlar Liqasında 71-ci qolunu vurub.
27 yaşlı futbolçu bu göstəricidə “Real” və İspaniya millisinin sabiq hücumçusu Raul ilə bərabərləşib. Raul turnirdə 142 oyuna çıxaraq 71 qol vurubsa, Mbappe bu nəticəyə 99 matçda çatıb.
Çempionlar Liqasında ən çox qol vuran futbolçuların siyahısına Kriştiano Ronaldo başçılıq edir – 140 qol. Lionel Messi 129, Robert Levandovski 109, Kərim Benzema isə 90 qolla növbəti pillələrdə qərarlaşıb.
Kilian Mbappe 2024-cü ildən “Real”da çıxış edir. O, İspaniya klubu ilə 2024/2025 mövsümündə İspaniya Super Kubokunu və Qitələrarası Kuboku qazanıb.
Fransa millisinin heyətində isə Mbappe 2018-ci ildə dünya çempionu, 2022-ci ildə dünya çempionatının gümüş medalçısı olub. O, dünya çempionatlarında 22 qolla bu turnirin tarixində ən çox qol vuran futbolçudur.


