Çeferin UEFA prezidenti vəzifəsinə yenidən namizəd olacaq

UEFA-nın hazırkı prezidenti Aleksander Çeferin növbəti prezidentlik müddəti üçün namizədliyini irəli sürmək qərarına gəlib.

Arena.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Prezident seçkiləri 2027-ci il aprelin 22-də Astanada keçiriləcək UEFA Konqresində baş tutacaq.

“Milli assosiasiyalara göstərdikləri etimada görə təşəkkür etmək istəyirəm. Son illərdə fövqəladə çətinliklərlə üzləşdik və onların öhdəsindən vahid komanda kimi gəldik. Qarşıda bizi hələ vacib işlər gözləyir. Buna görə də assosiasiyaların xahişini qəbul etdim.

Məqsədlərim dəyişməz olaraq qalır: Avropa futbolunun birliyini qorumaq, oyunumuzu daha da gücləndirmək və UEFA-nı gələcək nəsil üçün hazırlamaq. Ailəmə də dərin minnətdarlığımı bildirirəm. Bu qərar onlardan çox şey tələb edir və onların anlayışı, dəstəyi olmadan belə bir addım ata bilməzdim”, – deyə Çeferin bildirib.

Qeyd edək ki, son aylarda milli assosiasiyalar sloveniyalı funksionerdən yenidən seçkilərdə iştirak etməmək barədə əvvəlki qərarına yenidən baxmasını istəyiblər.

Çeferin 2024-cü ilin fevralında gələcək seçkilərdə iştirak etmək niyyətində olmadığını açıqlamışdı. O, bu qərarını koronavirus pandemiyası, Avropa Superliqası ətrafındakı mübahisələr, şəxsi ambisiyalarını ön plana çıxarmaqda ittiham olunması və ailəsi ilə kifayət qədər vaxt keçirə bilməməsi kimi amillərlə əlaqələndirmişdi.

Bununla belə, UEFA Konqresi nizamnaməyə dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, Çeferinin 2016-cı ildə vəzifəyə başladığı ilk üç il prezidentlik müddətlərinin hesablanmasına daxil edilmir. Bu dəyişiklik ona dördüncü dəfə prezident seçilmək imkanı yaradır. UEFA-ya üzv olan 55 milli federasiyanın hamısı bu dəyişiklikləri dəstəkləyib.

58 yaşlı Aleksander Çeferin 2016-cı ilin sentyabrından UEFA-ya rəhbərlik edir. O, 2019 və 2023-cü illərdə dördillik müddətə yenidən prezident seçilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: