Rəşad Sadıqov və Azər Bağırov heç-heçəni şərh etdilər

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 7-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Olduqca ağır oyun keçdi. Üç həftə idi matça hazırlaşırdıq. Hər zaman futbolçulara deyirdik ki, gərgin və yorucu oyun olacaq. Elə də oldu. Birinci hissə bizim üçün uğurlu keçdi. Yaxşı epizodlardan istifadə edə bilmədik. İkinci hissədə rəqib uzaqdan zərbə vurdu. Ona qol epizodu da demək olmur. Ondan sonra hesabı bərabərləşdirdik. Yaxşı hücumlarımız var idi. Təəssüf ki, ikinci qolu vura bilmədik. Bu periodda ağır çətinliklər içərisində xal qazanmaq asan deyildi. Şükürlər olsun ki, ən azı 1 xal qazandıq.

Təəssüf ki, fasilə dövründə bəzi oyunçularımız zədələndi. İssa Cibrilla və Quima sıradan çıxıblar. İki həftədir ki, Georgi Papunaşvilinin temperaturu var idi. Hadisələr üst-üstə gəlir. Danışdıqca daha çox olur. Papunaşvili bir məşq edib, Eren Aydın da. Məndən olsa, meydana buraxmazdım. Leqbonun da zədədən sonra ilk oyunu idi. Meydana buraxacaq oyunçu yox idi. Tendensiya davam edir. Ktatunun sümüyü qırılıb. Qəribə hadisələr çox olur. Ardıcıl dörd ağır oyun keçirdik. Belə oyunlar keçirdikdə problemlər yaşayırsan. Bəlkə də çətin qrafikdə həmin hadisələr üst-üstə gəldi. Edəcək bir şey yoxdur. Çalışacağıq ki, sağlam futbolçularla nəsə edək. Məcbur sistemi dəyişirik, başqa şeylər fikirləşirik. Leqbonu sol müdafiəçi kimi düşünürdük, Bayereni isə hücumda. Amma Leqbonu məcburiyyətdən önə atdıq. İstəmədiyim durumdayıq. Mövsümün əvvəlində başqa şeylərə hazırlaşmışdıq, amma fərqli nəticələr görürük. 8-9 zədəli futbolçumuz var.

Anar Nəzirov karyerasını bitirmək istəyirdi. O, bu mövsüm üçüncü və köməkçi qapıçı profilindədir”.

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov isə heç-heçəyə belə şərh verib:

“​Milli fasilədən sonra nə qədər çətin oyun olacağını bilirdik. Bəzi futbolçularımız U-21 yığmasında yaxşı oyun keçirmişdilər. Oruc Məmmədov əsas millidə oynadı. Bəzi futbolçularda yüklənmələr var idi. Şükürlər olsun ki, bu gün meydanda vuruşaraq xalımızı qazandıq. “Zirə”yə uğurlar arzulayıram”.

Azər Bağırov Edqar Adilxanova “Genk”dən təklif gəldiyinə dair xəbərlərə də münasibət bildirib:

“Əsassız xəbərdir. Belə bir şey yoxdur. Olsa da, klub tərəfindən bizə xəbər verilər. Belə xəbərlərin oyundan qabaq yayılması doğru deyil, futbolçuda narahatlıq yaradır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: