Futbol üzrə Azərbaycan millisinin sağ cinah hücumçusu Rüfət Abdullazadə İsrailin “İroni Kiryat Şmona” klubunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu İsrail çempionatında 2026/2027-ci illər mövsümünün 7-ci turu çərçivəsində qarşılaşdıqları “Netanya” ilə görüşün iştirakçısı olub.
Rüfət 0:1 hesabıyla məğlub olduqları səfər oyununa start heyətdə başlayıb. O, 63-cü dəqiqədə – hesab 0:0 olarkən əvəzlənib.
Bu nəticədən sonra “Kiryat Şimona” yarış cədvəlində 3 xalla 13-cü pillədə qərarlaşıb. Sözügedən komanda cari mövsümdə keçirdiyi 7 oyunda 1 qələbə qazanıb, 6 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Rüfət Abdullazadə “İroni Kiryat Şmona”ya bu ilin yayında Xorvatiyanın “Varajdin” klubundan icarə müqaviləsi əsasında keçib. O, 2026/2027-ci illər mövsümünün sonunadək İsraildə çıxış edəcək. Azərbaycanlı futbolçu bu komandanın heyətində 12 oyun keçirib, 2 qol vurub.
“Varajdin” isə Rüfəti 2025-ci ilin yayında “Səbail”dən transfer edib. Futbolçunun bu klubla 2028-ci ilin 30 iyununadək müqaviləsi var. Abdullazadə “Varajdin”də cəmi 10 rəsmi oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsümün ikinci yarısında isə o, “Zirə”də icarədə olub və məhsuldar fəaliyyəti ilə diqət çəkmədiyi 9 oyun keçirib.
Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. 2025-ci ildən Azərbaycan millisində çıxış edən Rüfət meydana çıxdığı 3 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


