Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun keçirilmə tezliyi ilə bağlı əvvəlki qərarını yenidən dəyişib.
Arena.az xəbər verir ki, təşkilatın İcraiyyə Komitəsi turnirin yenidən iki ildən bir keçirilməsi barədə qərarı yekdilliklə qəbul edib.
Bu barədə CAF-ın rəsmi saytı məlumat yayıb.
CAF prezidenti Patris Motsepe bildirib ki, qərar Afrika futbolunun, qitənin 54 milli futbol assosiasiyasının və xarici klublarda çıxış edən afrikalı futbolçuların maraqları nəzərə alınaraq verilib.
Onun sözlərinə görə, Afrika Millətlər Kubokunun əvəzinə iki ildən bir keçirilməsi nəzərdə tutulan ümumafrika Millətlər Liqasının təşkili üçün lazımi maliyyə təminatının yaradılması və iqtisadi müstəqilliyin əldə olunması bir neçə il vaxt tələb edəcək.
Motsepe təsdiqləyib ki, növbəti Afrika Millətlər Kuboku 2027-ci ildə Keniya, Tanzaniya və Uqandanın birgə ev sahibliyi ilə keçiriləcək. Sonrakı turnirlər 2028, 2031 və 2033-cü illərə planlaşdırılıb. 2030-cu ildə isə dünya çempionatı ilə əlaqədar Afrika Millətlər Kuboku təşkil olunmayacaq.
Qeyd edək ki, CAF 2025-ci ilin dekabrında 2028-ci il turnirindən sonra Afrika Millətlər Kubokunun dörd ildən bir keçirilməsinə keçməyi planlaşdırdığını açıqlamışdı. İkiillik təqvimdə boşalacaq yeri isə yeni ümumafrika Millətlər Liqasının tutması nəzərdə tutulurdu.


