“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 11-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Hər oyuna qələbə üçün hazırlaşırıq. Bu gün enişli-yoxuşlu matç keçdi. İlk 20 dəqiqədə oyuna nəzarət edirdik, sonradan vəziyyət dəyişdi. Tam üstünlük qura bilmədik və rəqibə əks-hücumlar üçün imkanlar verdik. 2:2 hesabı azarkeşlər üçün maraqlı görünə bilər. Qələbə qazana bilərdik, amma rəqib də qol vura bilərdi. Hazırda turnir cədvəlinin ilk beşliyindəyiksə, bu nəticə bizim üçün qəbuledilməzdir.
Üç gün əvvəl UEFA Çempionlar Liqasında oynamışdıq. Orada müəyyən qaydalar var və onlara əməl olunur. İstərdik ki, daxili oyunlarda da eyni yanaşma tətbiq edilsin. Xüsusi bir məsələ yox idi, hər şeyi hakimlə öz aramızda həll etdik. Hakimlikdən şikayətim yoxdur.
Hava şəraitinin necə olmasının heç bir əhəmiyyəti yoxdur. Külək ilk hissədə bir komandaya, ikinci hissədə isə digərinə qarşı idi. Futbolçular belə şərtlərə uyğunlaşmalıdırlar. Bir müddət əvvəl süni örtüklü meydançada, bu gün isə təbii örtükdə oynadıq. Peşəkar olmaq lazımdır. Hava şəraiti nəticəyə təsir etmədi”.
Dambrauskas “Sabah”ın istirahətə ehtiyacının olduğunu düşünür
Dambrauskas Premyer Liqadakı qeyri-sabit nəticələrin UEFA Çempionlar Liqasındakı iştirakla bağlı olduğunu da vurğulayıb:
“Qarabağ” 12 ildir avrokuboklarda çıxış edirdi. Ötən mövsüm ÇL-də oynadılar. Onların təcrübəsi daha çox idi, bilirdilər ki, bu işlərin öhdəsindən gəlmək lazımdır. Biz isə yeniyik. Önəmlisi odur ki, fərqli iki heyətlə çıxış edirik. Bir heyətlə çıxış etsək, futbolçular bir-birini yaxşı başa düşər. Çox rotasiya edəndə anlaşma kifayət qədər yaxşı olmur, ən yaxşı performansı göstərmək asan deyil. Oyunçular bir-birilərini bəzən başa düşmürlər. Ötən mövsüm bizə 3-4 ay lazım gəldi ki, yüksəlişə keçək. 15-20 oyun oynadıqdan sonra futbolçular bir-birini daha yaxşı başa düşürdülər. “Vikinq”lə matçdan sonra burada eyni ritmi yaxalamaq asan deyil. Xüsusi resepti də yoxdur. Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Kifayət qədər vaxtımız yoxdur. Vaxt olanda da səfərə gedirik və ya bərpa ilə məşğul oluruq. İki həftəlik fasilə olacaq. Çalışacağıq ki, oyunçular arasında bağı inkişaf etdirək.
Üç-dörd günlük istirahət bizim üçün faydalı ola bilər. UEFA Çempionlar Liqasında oynamaq istəyirdik və bunun asan olmayacağını bilirdik. Noyabr-dekabr aylarının daha çətin keçəcəyini də anlayırdıq. Bu səviyyəyə uyğunlaşmaq üçün özümüz inkişaf etməli və möhkəmlənməliyik”.
Azər Bağırov qışda ən azı bir yeni transfer istəyir
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov isə məhsuldar heç-heçəyə belə şərh verib:
“Zəfər Gününüz mübarək olsun. Bu gündə payı olan hər kəsə, xüsusilə cənab Prezidentə təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
“Sabah”ın güclü komanda olduğunu bilirdik. Çempionatımızın ən yaxşı kollektivlərindən birinə qarşı oynayırdıq. Futbolçulardan mübarizə aparmağı tələb etmişdik. Meydanda əsl döyüş gördük. Bir xal qazandıq, daha çoxunu da əldə edə bilərdik. “Sabah”a uğurlar arzulayıram.
Məncə, bu gün bir xal qazandıq. Səfərdə “Sabah”a qarşı oynayırdıq. İtirilən xallar barədə düşünmək istəmirəm. Futbolçulara da dedim ki, mənim üçün əsas meydanda göstərdikləri oyundur. Məğlub olsaydıq belə, komandamın çıxışından razı qalacaqdım.
Bir oyunu və bir hissəni çıxmaqla, 10 matçda yaxşı oynadıq. “İmişli” ilə matçı və “Şəfa” ilə görüşün ilk hissəsini nəzərdə tuturam. Ən çox xoşuma gələn məqam odur ki, öz meydanımızda müdafiəyə çəkilmirik, pressinq edir və oyuna nəzarət etməyə çalışırıq. Futbolçulara müasir futbol fəlsəfəsini aşılamağa çalışırıq. Çempionatın ən gənc komandasıyıq və daha çox yerli futbolçulara şans veririk.
Çalışıram ki, futbolçulara bərabər səviyyədə şans verim və hamısının oyun təcrübəsi olsun. Statistikaya baxsaq, hücum xəttində müdafiə ilə müqayisədə daha çox rotasiya edirik. Bu, müdafiəçilərdən tam razı olduğum anlamına gəlmir. Çünki qollar buraxırıq. Sadəcə, müdafiədə rotasiya imkanlarımız daha məhduddur. Emin Rüstəmov bütün oyunlarda 90 dəqiqə meydanda olub.
Qış transfer pəncərəsində heyəti gücləndirmək barədə düşünürük. Necə olacağını zaman göstərəcək. Klub rəhbərliyi ilə müzakirələrimiz olub. Qışda bir futbolçu ilə heyəti gücləndirməyə çalışacağıq”.


