“Real”ın futbolçuları La Liqanın 12-ci turunda “Valensiya” ilə oyunun fasiləsində stadionun təhlükəsizlik əməkdaşları ilə insidentə qarışıb.
Arena.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Xəbərdə vurğulanır ki, qarşılaşmanın ilk hissəsindən sonra “Valensiya”nın idman direktoru Braulio Vaskes baş hakimin köməkçisinə etiraz edib. Bundan sonra qonaq komandanın ingilis yarımmüdafiəçisi Cud Bellingem Vaskesin kostyumundan tutub və tərəflər arasında qarşıdurma yaranıb.
İnsidentə stadionun təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Bildirilir ki, Madrid təmsilçisinin almaniyalı müdafiəçisi Antonio Rüdiger də həmin əməkdaşlardan birinin üzünə əli ilə zərbə endirib.
“Valensiya” hadisənin görüntülərini hakimlərə təqdim etsə də, insident matçın yekun protokoluna daxil edilməyib.
Qeyd edək ki, “Real” səfərdə “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib.


