“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 13-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verri ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Berdıyev qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Güman etdiyimiz kimi, çətin matç oldu. “Kəpəz”ə qarşı oyunlarımız həmişə çətin alınır. Rəqibin yaxşı yarımmüdafiə və hücum xətti var. Uşaqlar xarakter göstərdilər. Vacib qələbə qazandıq”.
Berdıyev “Kəpəz”in qazandığı penalti epizodundan danışmaq istəməyib:
“Xeyr, epizodun təkrarına baxmamışam. Baxmadığım üçün nəsə deməyim çətindir”.
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Çempionatın liderlərindən birinə qarşı oynayırdıq. “Turan Tovuz” fiziki baxımdan güclü kollektivdir. Komandam layiqli mübarizə apardı. Rəqib liderlər sırasında olsa da, onlardan çəkinmədik, sona qədər döyüşdük. Nəticə məyus edir, amma məncə, ən azı bir xala layiq idik. Gəncədən gələn çoxsaylı azarkeşlərimizə təşəkkür edirəm, bizi tək qoymadılar. Bu performansa görə futbolçulara da minnətdaram.
Oyunçulara tapşırmışdım ki, rəqibin uzun ötürmələrinin qarşısını alaq. Bunu edə bilmədiyimiz üçün bir az emosional idim. Mən hər oyunda qələbəni düşünürəm. Futbolçulara da deyirik, əsas qol buraxmayaq. Çünki hücumda daha fəal ola bilirik. 8 turdan sonra birinci dəfə iki qol buraxdıq. Qarşıdakı üç oyunda hədəf ancaq qələbədir”.


