Futbol üzrə Azərbaycan milli komandasının sol cinah müdafiəçisi Toral Bayramov “Bursaspor”un heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Bursa təmsilçisi Türkiyə Birinci Liqasının 2026/2027-ci illər mövsümünün 16-cı turu çərçivəsində “Vanspor”la qarşılaşıb.
Hansı ki, Van klubunun heyətində də Azərbaycan millisinin digər üzvü Ozan Can Kökçü forma geyinir.
“Vanspor”un ev sahibi olduğu qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Millimizin üzvləri start heyətdə meydana çıxıblar. Toral sonadək oynayıbsa, Ozan 85-ci dəqiqədə əvəzlənib.
“Bursaspor” hazırda 36 xalla yarış cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Toralın komandası cari mövsümdə keçirdiyi 16 oyunda 11 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
“Vanspor” isə 17 xalla (federasiya bu klubun 2 xalını silib) 16-cıdır. Ozanın komandası 16 oyunda 5 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, Toral Bayramov bu ilin iyun ayında “Qarabağ”dan “Bursaspor”a keçib. Müdafiəçinin Türkiyə klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur. O, Bursa təmsilçisinin heyətində 12 oyun keçirib, 1 məhsuldar ötürmə və 1 avtoqolla yadda qalıb.
2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmə verib. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.
Bayramov 2021-ci ildə debüt etdiyi Azərbaycan millisinin heyətində meydana çıxdığı 48 oyunda 6 qola imza atıb, 6 məhsular ötürmə verib. Toral əvvəllər U-19 və U-21 yığmalarımızın da formasını geyinib.
Özan Can Kökçü isə “Vanspor”a bu ilin yayında Niderlandın “Volendam” klubundan keçib. O, Türkiyə klubunun heyətində 11 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.


