Futbol üzrə Belarus çempionatının ən titullu klubu olan BATE 2026-cı il mövsümünün yekunlarına əsasən Premyer Liqanı tərk edib.
Arena.az xəbər verir ki, Borisov təmsilçisi mövsümün son turunda “İsloç”la heç-heçə etdiyi üçün elitadan düşüb.
Bu komandanın öz meydanında keçirilmiş qarşılaşma 1:1 hesabı ilə başa çatıb. BATE 89-cu dəqiqədə qapısında qol görüb. Borisov klubu qalib gəlsəydi, turnir cədvəlində aşağı liqaya birbaşa düşmə zonasından çıxaraq pley-off zonasına yüksələcəkdi. Lakin son dəqiqələrdə buraxılmış qol bu komandanın taleyini dəyişib və ölkənin ən titullu klubu mövsümü yüksək divizionu tərk etməklə başa vurub.
Qeyd edək ki, BATE Belarus çempionatının tarixində ən çox çempionluq qazanan klubdur. Borisov təmsilçisi 15 dəfə ölkə çempionatının qalibi olub. Bu göstəricidə ikinci pillədə 9 çempionluğu olan Minsk “Dinamo”su qərarlaşıb.
Son illərdə əvvəlki əzəmətini itirmiş Borisov təmsilçisi sonuncu dəfə Belarus çempionluğunu 2018-ci ildə qazanmışdı.


