Qurban Qurbanov: “Belə oyunlar futbola sevgini daha da artırır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Göstərdikləri oyuna və qalibiyyətə görə təşəkkürümü bildirirəm. 4 qol vuraraq qələbə qazanmaq da xoşdur. Qarşımızda yaxşı müdafiə olunan və təşkilatlanmış kollektiv var idi. Maraqlı və bol qollu oyun alındı. Soyuq havada stadiona gəlib komandamızı dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.

Həvəslə üzərimizdə çalışmağa davam edirik. Çox çalışqan və intizamlı futbolçulara malikik. Çempionatda bütün rəqiblər istənilən komandaya qarşı çox ciddi hazırlaşırlar. Bu gün də bol qollu mübarizə izlədik. Belə oyunlar futbola sevgini daha da artırır”.

“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido isə komandasının məğlubiyyəti barədə bunları dilə gətirib:

“Futbolçularımla fəxr edirəm. Hər rəqibə qarşı sona qədər mübarizə apara bilirlər. Fikrimcə, bu gün ilk hissədə bərabər səviyyəli oyun keçdi. Rəqib topa daha çox nəzarət etsə də, ilk 40 dəqiqədə balanslı və intizamlı futbol nümayiş etdirdik. Fasiləyə 5 dəqiqə qalmış 2 kobud səhvə yol verdik və onlar bundan yararlandı. Futbolçulara dedim ki, qorxmadan oynasaq, geridönüş edə bilərik. Bundan sonra 2:2 hesabına nail olduq. Lakin sonda enerjimiz bitdi və yekunda uduzduq. Bir neçə futbolçumuz zədəlidir. Bu gün akademiyamızın yetirməsi olan gənc oyunçuları da meydana buraxdıq. Hər şey həmişə idman nəticələri ilə ölçülmür. Əzmkarlıq da olmalıdır və bu varsa, yaxşı olacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: