Fransanın “Olimpik” (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin “Liverpul” klubundan Cerdan Şakirini transfer edib.
Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Lion təmsilçisi bu transfer üçün “Liverpul”a 6 milyon avro ödəyəcək. Futbolçunun performansından asılı olaraq, “Olimpik” İngiltərə klubuna daha 5 milyon avro ödəyə bilər.
Şakiri 2018-ci ildən “Liverpul”da çıxış edirdi. O, həmin vaxt 13.5 milyon avroya sözügedən kluba transfer olunmuşdu. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 63 matçda 8 qolla yadda qalıb. İsveçrəli futbolçu burada həm İngiltərə çempionu, həm də UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
İsveçrə yığmasının da üzvü olan futbolçu, daha öncə “Bazel”, “Bayern”, “İnter” və “Stok Siti” klublarının da formasını geyinib.


