“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:3 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Oyunu bir neçə hissəyə bölmək olar. Gözlənilməz qoldan sonra futbolçular ruhdan düşmədi, irəli atıldılar, qol vurdular. Bundan sonra fürsətlərdən yararlana bilmədilər. 20-ci dəqiqədən sonra müdafiədə passivlik yarandı. Nəticədə yenə qol buraxdıq. İkinci hissə başlayandan sonra da qol epizodumuz oldu. Daha sonra Xuan Kamara qırmızı vərəqə aldı və biz say üstünlüyündən yararlandıq. Rəqib qapansa da, iki qol vurmağı bacardıq. İlk hissəni 1:3 hesabıyla məğlub başa vurduğumuzu nəzərə alsaq, belə səfərdən 1 xalla qayıtmaq pis deyil.
Sərtan Taşqının ikinci hissənin əvvəlində əvəzlənməsi taktiki gediş idi. Orta sahədə aqressivliyi artırmaq istədim. Bir dəfə də bunu etmişdik. Yəni bu, futbolçunun səhvinə görə deyildi”.
Rəşad Sadıqov Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin heyəti açıqlamaq üçün son turu gözləməsinə də toxunub: “Yaxşı ki, bu turu nəzərə aldı. Bu, tənqid deyildi. Mən onu tənqid etməmişdim, sadəcə, kiçik qeyd etmişdim”.


