“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-offu çərçivəsində Marsel “Olimpik”inə qarşı keçirdikləri ilk oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Dünən də bildirmişdim ki, Marsel təmsilçisinin yaxşı baş məşqçisi və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Məni ən çox narahat edən məqam rəqibin ustalıq səviyyəsi idi. Bu gün bəlkə də bu elementlərə görə uduzduq. Amma komandamın oyunundan tam razı qaldım. Bəzi diqqətsizliklər oldu ki, bu da belə komandaya qarşı matçda normaldır. Səfərdə çıxış etməyimizə baxmayaraq, çox yaxşı oyun göstərdik”.
Qurban Qurbanov bir həftə sonra doğma meydanda baş tutacaq cavab matçına da toxunub:
“Bakıda bundan daha yaxşı mübarizə aparacağıq. Çünki rəqibi yaxından tanıyırıq. Doğma meydanda azarkeşlərimizi yaxşı oyunla həyəcanlandırmaq, müsbət nəticə əldə etməyə çalışacağıq”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


