“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-offu çərçivəsində Marsel “Olimpik”inə (Fransa) qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Hiss olunur ki, oyuna böyük ajiotaj var. Qış aylarından sonra Azərbaycanda avrokubok oyunu keçirilməmişdi. Azarkeşlərimiz də çox istəklidir. Bizə güvəndiklərinə görə hər birinə təşəkkür edirəm. Rəqibin çox yaxşı baş məşqçisi və oyun üslubu var. İlk matça kimi də onları təhlil etmişdik. Düşündüyümüzün çoxunu meydanda gördük və ona qarşı düzgün oynadıq. Səfərdə bu komandanı daha yaxından tanıdıq. Futbolçularıma da demişəm ki, burada daha yaxşı oynamalıyıq. Azarkeşlərimiz yaxşı oyumuzla istirahət etsinlər, hər şeyi bir anlıq da olsa, unutsunlar. İnşallah, bunu bacararıq. Rəqibimiz son çempionat görüşündə uduzub. İstər-istəməz bizi ciddiyə alacaqlar. Bu amil bizə mane ola bilər. Amma futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram”.
Baş məşqçi sabah hücum futbolu oynayacaqlarını söyləyib: “Daha irəli getmək istəyiriksə, əsas yolumuz olmalıdır. Bu da daim yaradıcı və hücum futboludur. Həm “Qarabağ”, həm də Azərbaycan futbolu üçün belə bir addım atmaq istəyirəm ki, futbolçularda özünəinam olsun. Xüsusən də, yerlilərdə. Hər oyuna bir yox, bir neçə qol vurmaq üçün çıxırıq. Əlbəttə, asan yol deyil. Azərbaycan futbolu üçün, bəlkə də, ən çətin yoldur. Qarşımıza belə məqsəd qoymuşuq. Rəqibin kimliyindən asılı olmayaraq, riskə gedəcəyik. Kollektiv şəkildə çox güclü komanda ilə qarşılaşağıq. Nə qədər riskli olsa da, qol vurmaqla yanaşı, buraxmamaq barədə də düşünməliyik. Azarkeşlərimizin futbola inamını qaytarmaq istəyirik. Onlar komandalarımızın uğurunu çox arzulayırlar. Bunun üçün yolumuz, xarakterimiz olmalıdır. İnanıram ki, bu xüsusiyyətləri daha da sürətləndirəcəyik. Sabah da meydana qollar vurmaq üçün çıxacağıq. Eyni zamanda qol buraxmamağı da düşünməliyik. Belə addımları daha ciddi rəqiblərə qarşı futbolçulara aşılayanda, işimiz daha da sürətlənər. Sabah qarşımızda başqa rəqib olsaydı belə, eyni fikirdə olacaqdıq. Rəqib nə qədər imkan yaradacaq, biz nə qədər təzyiq edəcəyik, bunları oyunun gedişində görəcəyik”.
Qurbanov Quqeşaşvilini müdafiə etdi, erməni təxribatından danışdı
Qurban Qurbanov səfər matçında gürcü qapıçı Luka Quqeşaşvilinin yol verdiyi kobud səhvlərə də münasibət bildirib: “Futbolçularımın səhvini açıq şəkildə müzakirə etməyi və üzərlərinə getməyi xoşlamıram. Onunla söhbətimiz olub. Lukanın üstün cəhətlərindən biri soyuqqanlı olmasıdır. Bunlar texniki səhvlərdir, heç kim sığortalanmayıb. Avropada elə qapıçılar elə səhvlər edir ki, bağışlanılmazdır. Biz belə oyunlarda nadir hallarda iştirak etdiyimiz üçün qlobal məsələyə çevrildi. Təkcə bu oyunda yox, əvvəllər də Luka ilə söhbətlərim olub. Hər bir futbolçunun stabilliyi üçün bütün turnirlərdə iştirakı vacibdir. Bu səhvləri daha istəkli, yaxşı məşqlərlə aradan qaldırmaq olar. Futbolçularımız neçə illərdir təcrübə toplayıblar. Quqeşaşvilinin də buna ehtiyacı var. Ona çox irad bildirmədim, üzərinə getmədim. Söhbətimiz oldu, onu psixoloji cəhətdən sabahkı oyuna hazırlamağa çalışdım. Mən ona inanıram. O da fikir edir. Qələbədə pay sahibi olmaq istəyir. İnanıram ki, tezliklə səhvlər aradan qaldırılacaq. Qapıçı səhvi həmişə daha çox müzakirə olunur”.
Qurbanov Marseldəki erməni təxribatlarından da danışıb: “Oradakı təxribata zərrə qədər də önəm vermədim. Torpaqlarımız bizdə olmayanda rəqiblərdən ehtiyatlanırdıq, uduzmaq istəmirdik. Başda mən olmaqla çox narahat olurduq. Qarabağ köçkünləri illər idi əziyyət çəkirdilər, doğma torpaq arzusunda idilər. Bizə baxıb fərəhlənirdilər. Dəfələrlə də təxribatlar olmuşdu. Bu gün heç bir təxribat mənim üçün ciddi əhəmiyyət kəsb etmir. Çünki Azərbaycan xalqı, komandası olaraq başıdik getmişik. Çünki torpaqlarımız geri qayıdıb. Dünya futbolunda da belə hallar olub. Bu təxribat deyil, çox kiçik şeydir. Şükürlər olsun, bayrağımız öz torpaqlarımızda ucalıb. Bununla bizə heç nə göstərə, deyə bilməzlər. Bunu qəbul etmirəm. Sabah bayraqlarımızın sayı da çox olacaq. Onda hamımız başa düşəcəyik ki, belə şeylərə təxribat demək olmaz. Düşünmürəm ki, futbolçularımıza da təsir edib”.
Kadi Borges: “Təslim olmayacağıq”
Mətbuat konfransında “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges də iştirak edib. Braziliyalı futbolçu bunları söyləyib: “Sabah bizi çox çətin oyun gözləyir. Oyuna yaxşı hazırlaşmışıq. Rəqib çox güclüdür. İlk oyundan sonra bunun bir daha fərqində olduq. İlk matçı təhlil etmişik, orada buraxdığımız səhvlərdən nəticə çıxarmışıq. Ümid edirəm ki, oradakı səhvləri təkrarlamayacağıq. Öz gücümüzə də bələdik. Hesab əlehyimizə olsa da, bunu xeyrimizə dəyişmək iqtidarındayıq. Təslim olmayacağıq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bizə lazım olan nəticəni əldə edə biləcəyik.
Səfər oyununa yollanmazdan əvvəl bizi çətin matçın gözlədiyini bilirdik. Qol imkanlarından yararlansaydıq, bəlkə fərqli olardı. Bizdən fərqli, Marsel təmsilçisi əlinə düşən şanslardan yararlandı. Bakıdakı ab-hava hər kəsə bəllidir, dolu tribunalar bizi daim irəli səsləyir. Baş məşqçi də həmişə deyir ki, komanda olaraq xarakter göstərməliyik. Sabah da bu xarakteri görəcəksiniz. Əlimizdən gələni edəcəyik”.
Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək bu qarşılaşmaya saat 21:45-də start veriləcək.


