Qurban Qurbanov: “Bu il bu şansdan yararlanmağa çalışacağıq”

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalında “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri səfər matçından sonra bunları söyləyib:

“Kubok oyunu çempionat matçından fərqli olur. Burada komandalar daha istəkli oynayırlar. Çünki cütün taleyi iki oyundan ibarətdir. 3:1 hesablı qələbə qazansaq da, futbolçular əziyyət çəkdilər. Komandamdan razı qaldım, çünki sona qədər qələbə üçün oynadılar.

Rəqibin hesabı açmasına təəccüblənmədim. Onların əvvəlki matçlarını da izləmişəm. Mübarizəyə görə, bəlkə də, çox oyunda məğlubiyyətə layiq deyildilər. Çox sürətli əks-hücumları var. “Qəbələ” istənilən an qol vurmağı bacaran komandadır. Bu gün qol buraxmağımızı istəmirdim. Amma yekunda qələbə qazanmağımıza görə şadam.

Premyer Liqanın növbəti turunda, həm də kubokun cavab qarşılaşmasında ardıcıl “Qəbələ” ilə qarşılaşmalı olacağıq. Futbolçunun ən çox xoşlamadığı bir proqram eyni rəqibə qarşı 3 dəfə oynamaqdır. Bu, futbolçu üçün xoş hal deyil. Bəlkə də, son illər belə halla üzləşməmişdik ki, səfərdə qalaq, ardıcıl iki oyun keçirək. Yenə də yaxşı hazırlaşmağa çalışacağıq ki, növbəti oyunlarda da uğurlu çıxış edək”.

Qurban Qurbanov “qızıl dubl” arzusunda olduqlarını gizlətməyib: “Hər il hər turnirdə maksimum yaxşı nəticə göstərmək istəyirik. Son neçə ildə bu, alınmırdı. Bu mövsüm şansımız var, bundan istifadə etməyə çalışacağıq. Qarşıda hələ cavab oyunu var, çempionat da davam edir. Bəli, şanslarımız var. Bu il hər iki turnirin qalibi olsaq, buna sevinərik. Bunu nə dərəcədə bacaracağıq, qarşıdakı oyunlar göstərəcək”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: