“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 26-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, qolsuz bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Xeyli qol epizodumuz oldu. Hətta top dirəkdən də döndü. Heyətdə rotasiya etmişdik. 4-5 oyunluq yükləmədən sonra əsas heyət üzvlərində yorğunluq var idi. Bu gün az oynayanlara üstünlük verdik. Bədavi Hüseynov və Xayme Romeronun zədədən sonra ilk oyunları idi. Bu səbəbdən onları sonadək meydanda saxlamadıq. Özlərini yaxşı tərəfdən göstərdilər. “Zirə” də uduzmaq istəmirdi. Komandamdan razı qaldım.
Komandanın bu oyunda xal itirməsi başadüşləndir. Ötən mövsümdə də belə bir şey baş vermişdi. Uğurlu seriyadan sonra məğlub olacağımızı gözləyirdik. Bu gün yaxşı oyun göstərə bilərdik. Futbolçularım mövsüm ərzində ağır oyunlar keçirib. Rəqibi də qeyd etmək lazımdır. Qol buraxmamaq üçün hər şeyi etdilər”.
Qurban Qurbanov Azərbaycan kubokunun finalında “Zirə”yə qarşı keçirəcəkləri oyuna da toxunub: “Xeyli vaxtımız var. İnanıram ki, həmin oyuna optimal heyəti hazırlaya biləcəyik. Qarşıdakı matçlarda bəzi elementləri əldə etməyə çalışacağıq. Hər iki komanda üçün maraqlı görüş olacaq”.
O, son turda qarşılaşacaqları “Neftçi” ilə oyundan da söz açıb: “Neftçi”yə qarşı ən yaxşı hazır olan futbolçuları oynadacağıq. Çünki kubokun finalı da var. Oyun təcrübələri olsun. Həm də “Qarabağ” – “Neftçi” matçı azarkeşlərin maraqla gözlədikləri oyundur. Ona görə də əsas heyəti oyndacağıq”.
“Qarabağ” finala daha rahat hazırlaşır, biz isə…”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə heç-heçəni belə şərh edib:
“Azersun Arena”dakı matçlarımız uğurlu keçir. Futbolçularıma təşəkkür edirəm. Ağır qrafikdən çıxıblar. Bu gün də uduzmaq istəmirdilər. Kiçik epizodlarımız olsa da, yararlana bilmədik. Final öncəsi bu rəqibə uduzmamaq önəmli idi.
Rəqib komandanın yaxşı qol imkanları oldu. Bir epizodda top dirəkdən döndü, Anar Nəzirov da əla seyvlər etdi. Bizim üçün 1 xal yaxşı nəticədir. Ötən tur üstün oynasaq da, “Qəbələ”yə uduzduq. Bu gün məğlub olmamaq vacib idi.
Bütün fikrimiz çempionatdadır. Vacib oyunlar keçiririk. Finalda da mübarizəli oyun gözləyirik. Amma qarşımızdakı rəqib “Qarabağ”dır. Yenə deyirəm, hələlik final haqqında düşünmürəm. Sadəcə, bilirəm ki, maraqlı görüş olacaq. Vaxtımız var. “Qarabağ”ın yeganə üstünlüyü rotasiyalar edə bilməsidir. Finala daha rahat hazırlaşırlar. Biz isə bütün gücümüzlə mübarizə aparırıq”.


