Elmar Baxşıyev: “Bu mövqeləri gücləndirmək vacibdir”

Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 28-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyun çox dinamik alındı. Mövsümün son matçı olsa da, hər iki komanda meydanda yaxşı məzmunlu oyun nümayiş etdirdi. Futbolçular daha çox açıq futbol nümayiş etdirdi. Hər iki komandaya alqış düşdüyünü düşünürəm. Çoxlu qol epizodu yaratdıq. Qalib də gələ bilərdik. Komanda verilən tapşırığı meydanda layiqincə yerinə yetirməyə çalışdı.

Ümumi götürəndə komanda mövsümü istədiyimiz kimi tamamladı və layiqli yerini tutdu. Daha yüksək pillədə ola bilərdik. Amma turnirin necə ağır keçdiyini dəyərləndirsək, komandanın avrokuboklara getməsindən məmnunuq. İnanıram ki, bu heyəti qoruyub saxlaya biləcəyik. Komandanı daha da güclənmək mütləqdir”.

Elmar Baxşıyev heyətlə də bağlı fikirlərini bildirib: “Nicat Mehbalıyevin durumu aydın deyil. O, müqavilə ilə “Sabah”a məxsusdur. Danışandan sonra aydınlıq gələcək ki, qapıçı götürək, yoxsa yox. Kristof Atanqana növbəti mövsümdə də bizimlə olacaq. Onunla əməkdaşlıqda maraqlıyıq. Ürfan Abbasov sabah əməliyyata gedir. Onun yerini doldurmaq vacibdir. Bir-iki mövqe var ki, ora da oyunçu alınmalıdır. Çempionat ərzində sırf “9 nömrə”miz yox idi. Bəzən Ülvi İsgəndərov, bəzən Emil Səfərov, bəzən Rafael Utziq oynayır. Konfrans Liqasında layiqli çıxış etmək istəyiriksə, bu mövqeləri gücləndirmək vacibdir. Öncə komandanı istirahətə buraxmaq, komplektləşmək, sonra iddiadan danışmaq olar”.

Sabah”ın məşqçisi Artur Olenin isə heç-heçəni belə dəyərləndirib:

“Bu oyunda əsas heyətin bir neçə üzvünün xidmətindən məhrum idik. Bu da oyunumuza təsir etdi. Bilirdik ki, “Qəbələ” orta və irəli xətdə yaxşı oyun sərgiləyir. Buna görə, dəqiq və səhvsiz oynamalı idik. Lakin oyun ərzində bir neçə səhvə yol verdik. Oyun intizamı ən yaxşı səviyyədə deyildi. Standart vəziyyətdən qol buraxdıq, buna baxmayaraq, hesabı bərabərləşdirməyi bacardıq. Başqa qol imkanlarımız da var idi. Ancaq dəyərləndirə bilmədik”.

Xatırladaq ki, “Sabah”ın baş məşqçisi Murad Musayev ötən turda sarı vərəqə limitini doldurduğu üçün “Qəbələ” ilə oyunda texniki zonada yer almayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: