Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Gəncə təmsilçisi “Qarabağ” və “Neftçi”nin sabiq üzvü Elvin Yunuszadəni transfer edib.
Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Elvin Yunuszadə karyerası ərzində “Neftçi” və “Qarabağ”la yanaşı, “Simurq”, “Sabah”, “Səbail”də də çıxış edib. Şimali Makedoniyada “Şkupi”, Bosniya və Herseqovinada “Çelik”də çıxış edən futbolçunun son iş yeri “Şamaxı” olub. Azərbaycan yığmasında da forma geyinmiş futbolçu təxminən 2 ilə yaxındır rəsmi oyunlarda iştirak etmirdi.
“Kəpəz” daha öncə Tural Axundovu transfer etmişdi. Gəncə klubu Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımovla da yollarını ayırıb.


