Takumi Minamino “Liverpul”u “Monako”ya dəyişdi

Futbol üzrə Yaponiya millisinin yarımmüdafiəçisi Takumi Minamino İngiltərənin “Liverpul” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra “Monako”nun formasını geyinəcək.

Bu barədə sözügedən klubların rəsmi saytı məlumat yayıb. Hücumameylli yarımmüdafiəçi Liqa 1 təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb. “Monako”nun bu transfer üçün İngiltərə klubuna 15 milyon avro ödədiyi iddia olunur. Bonuslarla bu məbləğ 18 milyon avroya çata bilər.

Takumi Minamino 2020-ci ilin yanvarından “Liverpul”da çıxış edirdi. Lakin yapon futbolçu bu komandada möhkəmlənə bilməyib. “Qırmızılar”ın heyətində üç mövsüm ərzində cəmi 55 oyun keçirən vinger, bu görüşlərdə 14 qol vurub. O, 2020/2021 mövsümünü isə icarə əsasında “Sauthempton”da keçirib.

Minamino daha öncə “Çerezo Osaka” və “Zalsburq” klublarının da formasını geyinib. O, Yaponiya yığmasında meydana çıxdığı 42 oyunda 17 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: