Futbol üzrə Fransa milli komandasının sabiq yarımmüdafiəçisi Frank Riberi karyerasını başa vurub. Arena.az xəbər verir ki, o, 39 yaşında futboldan getdiyini elan edib.
Son olaraq İtaliyanın “Salernitana” klubunda forma geyinən təcrübəli yarımmüdafiəçi sosil şəbəkə hesabında bunları qeyd edib:
“Top dayanır, amma içimdəki hisslər dayanmır. Bu gözəl macəraya görə hamınıza təşəkkür edirəm”.
“Lill”in yetirməsi olan Frank Riberi sonralar “Bulon”, “Olimpik” (Ales), “Brest”, “Mets”, “Qalatasaray”, “Olimpik” (Marsel), “Bayern”, “Fiorentina” kimi klublarda da forma geyinib. O, 2021-ci ilin sentyabrından “Salernitana”da çıxış edirdi. Yarımmüdafiəçi klub karyerası ərzində bütövlükdə 715 matça çıxıb, 161 qol vurub. O, Fransa milli komandasında da 81 matç keçirib, 16 qola imza atıb.
“Qalatasaray”la Türkiyə Kubokunu qazanmış Riberi, 9 dəfə Almaniya Bundesliqasının, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə UEFA Super Kubokunun, 1 dəfə FİFA Klublararası Dünya Çempionatının, 6 dəfə Almaniya Kubokunun, 4 dəfə Almaniya Super Kubokunun qalibi olub. O, 2007-ci ildə Fransada, 2008-ci ildə isə Almaniyada və Fransada ilin oyunçusu seçilib. Yarımmüdafiəçi 2013-cü ildə Avropada da ilin oyunçusu seçilib.
Riberinin qazandığı titulların siyahısını təqdim edirik:
“Qalatasaray”
Türkiyə Kubokunun qalibi: 2004–05
“Olimpik” (Marsel)
UEFA İntertoto Kubokunun qalibi – 2005
“Bayern”
Almaniya Bundesliqasının qalibi: 2007–08, 2009–10, 2012–13, 2013–14, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2018–19
Almaniya Kubokunun qalibi: 2007–08, 2009–10, 2012–13, 2013–14, 2015–16, 2018–19
Almaniya Liqa Kubokunun qalibi: 2007
Almaniya Super Kubokunun qalibi: 2012, 2016, 2017, 2018
UEFA Çempionlar Liqasının qalibi: 2012–13
UEFA Super Kubokunun qalibi: 2013
FIFA Klublararası Dünya Çempionatının qalibi: 2013


