Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsi daha bir klubun bu turnirdə debütü ilə əlamətdar olub. Arena.az xəbər verir ki, “Mingəçevir” tarixində ilk dəfə kubok matçında meydana çıxıb.
“Zirə”ni qəbul edən bölgə təmsilçisi bu qarşılaşmada 0:2 hesabı ilə uduzub. Mingəçevirin eyniadlı klubu ölkə kubokunun 30 illik tarixinə bu yarışda iştirak edən 154-cü komanda kimi düşüb.
Cari mövsümədək 153 klub kubokda qüvvəsini sınayıb. Yalnız “Neftçi” 31 mövsüm bu turnirdə mübarizə aparıb.
“Kəpəz” isə Azərbaycan Kubokunda 30-cu ev qələbəsini qazanıb. Gəncə təmsilçisi 1/8 finalda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.
Qərblilər bunadək kubokda keçirdiyi 47 ev matçında 29 dəfə qələbə sevinci yaşamışdı. 30-cu uğuru 48-ci matça təsadüf edən qərblilər 6 heç-heçə edib və 12 dəfə uduzub.
“Kəpəz” Azərbaycan Kubokunun ev oyunlarında 30 və daha çox qələbəsi olan 4-cü komandadır. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı” doğma divarlar arasında daha çox görüşdə qalib olub.


