“Kəpəz”in hücumçusu Mixeil Erqemlidze Gəncə klubunun mətbuat xidmətinə açıqlama verib. Arena.az xəbər verir ki, gürcü futbolçu Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
23 yaşlı forvard səfər matçında qələbə qazanmaq istədiklərini bildirib: “Çətin oyun olacaq. Bizim üçün əsas olan qələbə qazanmaq və yolumuza inamla davam etməkdir. Belə olacağına ümid edirəm. Yaxşı hazırlaşmışıq. Əhval-ruhiyyəmiz də yaxşıdır. Bundan öncə kubokda mərhələ adlamaqla azarkeşlərimizi sevindirmişik. Bunun ardını gətirmək istəyirik”.
Mixeil Erqemlidze “Şamaxı”ya qol vurmaqdan daha çox, qələbə arzusunda olduğunu bildirib: “Komandamızda kimin qol vurmasının əhəmiyyəti yoxdur. Vacib olan qələbə qazanmağımızdır. Bilmirəm, səfər oyununda oynamaq şansı əldə edəcəm, ya yox. Buna baş məşqçi qərar verir. Bizim işimiz isə tapşırıqları yerinə yetirməkdir. Meydana çıxmaq imkanım olsa, komandanın uğuru üçün əlimdən nə gəlirsə, edəcəm. Havanın soyuq olacağını deyirlər. Fərq etməz, hədəfimiz qalib gəlməkdir”.


