Futbol üzrə Fransa milli komandasının sabiq yarımmüdafiəçisi Blez Matuidi peşəkar karyerasını başa vurub. Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Futbol, səni sevdim. Mənə çox şey verdin. Keçdiyim yola baxanda gözümdən yaş süzülür. Bütün arzularımı yerinə yetirdim. Bu səhifəni çətinliklə, amma qürurla çevirirəm. Bu yolda məni müşayiət edən insanlara təşəkkür edirəm”.
Xatırladaq ki, Fransa yığması ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olan Blez Matuidi son olaraq ABŞ-ın “İnter” (Mayami) klubunda çıxış edib. O, 2020-ci ilin yayından formasını geyindiyi MLS təmsilçisində 42 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu PSJ (295 oyun, 33 qol, 28 məhsuldar ötürm), “Sent Etyen” (154 oyun, 3 qol, 6 məhsuldar ötürmə), “Yuventus” (133 oyun, 8 qol, 7 məhsuldar ötürmə) və “Trua”da (69 oyun, 4 qol, 2 məhsuldar ötürmə) da forma geyinib. Fransa yığmasında 84 oyun keçirmiş yarımmüdafiəçi, 9 qola imza atıb.


