“Kəpəz” “MTK Budapeşt”ə qalib gəldi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Kəpəz” Antalyadakı hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Gəncə təmsilçisi Macarıstanın “MTK Budapeşt” komandası ilə üz-üzə gəlib.

Baş məşqçi Tərlan Əhmədov komandanı aşağıdakı heyətlə meydana buraxıb:

Start heyət: 71. Mario Mustapiç, 2. Zamiq Əliyev, 3. Abdulla Rzayev, 5. İdris İnqilablı, 19. Abdullahi Şuaybu, 20. Mahir Həsənov, 21. Junior Martins, 40. Ahmed Ayzaya, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 80. Tural Rzayev.
Ehtiyat oyunçular: 7. Georgi Kantariya, 8. Tural Axundov, 9. Mate Kvirkviya, 14. Elçin Əlicanov, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 68. Elgün Bayramov, 78. Yeqor Xvalko, 97. Nicat Məmmədov.

“Mirakl” təlim bazasının stadionunda baş tutan görüş Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 34-cü dəqiqədə Fərid Nəbiyev vurub.

Matçdan sonra Gəncə klubunun futbolçuları Fərid Nəbiyev və İdris İnqilablı Türkiyədəki təlim-məşq toplanışı və macarlarla yoxlama oyunu barədə açıqlama veriblər:

Fərid Nəbiyev: “Oyun çox gərgin və maraqlı keçdi. Bu, ilk yoxlama matçımız idi. Düşünürəm ki, ağır məşqlərdən sonra bizim üçün yaxşı bir sınaq oldu. Oyunda çoxlu qol epizodları yaratdıq. Onlardan birini dəyərləndirdik. O biri epizodları dəyərləndirə bilməsək də, əsas odur ki, qol şansları yarada bildik. Bu da bizim üçün müsbət nəticədir. İnşallah, oyundan-oyuna daha da inkişaf edib, Premyer Liqanın matçlarına hazır olarıq”.

İdris İnqilablı: “Oyun çox yaxşı keçdi. Bu, bizim birinci yoxlama matçımız idi. Komandada bir az yorğunluq var idi. Amma buna baxmayaraq, qələbə qazandıq. Yoxlama matçının əhəmiyyəti çoxdur. İnşallah, Premyer Liqada da bu qələbənin ardını gətirərik. Qarşıda hələ 2 yoxlama matçımız var. Ümid edirəm ki, Antalya toplanışını 3 qələbə ilə yekunlaşdırarıq. Komandama uğurlar diləyirəm”.

Xatırladaq ki, “Kəpəz” Antalyada daha iki sınaq matçında qüvvəsini sınayacaq. Azərbaycan təmsilçisi yanvarın 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın “Kaysar” komandaları ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: