Futbol üzrə İspaniya milli komandasının sağ cinah müdafiəçisi Pedro Porro Portuqaliyanın “Sportinq” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu İngiltərənin “Tottenhem” komandasına keçib.
Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. İspaniyalı müdafiəçi bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Tottenhem” yarım mövsümlük icarə üçün Portuqaliya klubuna 5 milyon avro ödəyəcək. Yayda isə futbolçunun transfer hüquqlarının alınması üçün əlavə 25 milyon avro ödəmək lazım gələcək.
Pedro Porro karyerasına “Peralada” klubunda başlayıb. Daha sonra “Jirona”dakı çıxışı ilə diqqət çəkən müdafiəçi 2019-cu ildə 12 milyon avro qarşılığında İngiltərənin “Mançester Siti” klubuna keçib. Elə həmin vaxt “Valyadolid”ə icarəyə verilən futbolçu, 2020-ci ildə də “Sportinq” tərəfindən icarəyə götürülüb. 2022-ci ilin yayında Portuqaliya klubu “şəhərlilər”ə 8.5 milyon avro ödəyərək Porronun transfer hüquqlarını da almışdı. “Mançester Siti”də oynamayan futbolçu “Sportinq”də 98 matçda 12 qol vurub, 20 məhsuldar ötürmə edib. İspaniyanın U-21 yığmasında oynamış futbolçu, 2021-ci ildən əsas milliyə dəvət alır. O, İspaniya millisində 1 oyun keçirib.
Pedronun “Tottenhem”də 23 nömrəli formanı geyinəcəyi açıqlanıb.
“Tottenhem”də forma geyinən İspaniya yığmasının digər üzvü Brayan Xil isə “Sevilya”ya icarəyə verilib. 21 yaşlı sol cinah vingerinin bu mövsümün sonunadək La Liqa klubunda forma geyinəcəyi açıqlanıb.
Brayan Xil “Sevilya”nın yetirməsidir. O, bu klubda olarkən “Leqanes” və “Eybar”da icarədə də olub. “Tottenhem” bu futbolçunu ötən il “Valensiya”ya da icarəyə vermişdi. Vaxtilə “Sevilya”da 21 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə etmiş Xil, İspaniya millisində də 4 oyun keçirib. Müdafiəçi London klubunda da 31 oyuna 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Tottenhem” İngiltərədən olan yarımmüdafiəçisi Harvi Uaytı isə “Derbi Kaunti”yə icarəyə verib. 21 yaşlı futbolçu mayın 31-nə kimi bu komandada forma geyinəcək. London klubunun öz yetirməsi olan Uayt, daha öncə “Portsmut”da da icarədə oynayıb. O, öz komandasında isə cəmi 3 matça çıxıb.


