Kilian Mbappe PSJ tarixinin ən yaxşı bombardirinə çevrildi

Futbol üzrə Fransa çempionatının (Liqa 1) 26-cı turunun “Nant”la ev oyunu PSJ-nin hücumçu Kilian Mbappe üçün əlamətdar olub. Arena.az xəbər verir ki, komandasının 4:2 hesablı qələbəyə sevindiyi bu matçda qollardan birini də fransalı futbolçu vurub.

O, 90+1-ci dəqiqədə fərqlənməklə matçda son nöqtəni qoyub. Mbappe bu qol sayəsində PSJ tarixinin ən yaxşı bombardirinə çevrilib. Belə ki, 24 yaşlı hücumçunun “Nant”a vurduğu qol bu klubdakı 201-ci olub. O, 201-ci qolu 247-ci matçında rəqib qapısından keçirib.

Mbappedən əvvəl PSJ-nin ən yaxşı bombardiri Edinson Kavani idi. Bir müddət öncə uruqvaylı forvardın rekordunu təkrarlayan Kilian, artıq onu geridə qoymağı da bacarıb.

Xatırladaq ki, Kilian Mbappe 2018-ci ilin iyul ayında “Monako”dan 180 milyon avro qarşılığında PSJ-yə keçmişdi. O, Paris təmsilçisinin heyətində indiyə qədər keçirdiyi 247 oyunda 201 qol vurmaqla yanaşı, 95 məhsuldar ötürmə müəllifi də olub.

Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlər çərçivəsində meydana çıxdığı 30 oyunda 30 qol vurub və 8 məhsuldar ötürmə verib. O, Fransa milli komandasında da 66 oyuna 36 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: