“Turan Tovuz”a avtobus müjdəsi – “Kəpəz”i də xoş xəbərlər gözləyir

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubunun avtobus problemi nəhayət ki, həllini tapıb. Arena.az xəbər verir ki, əyalət təmsilçisinə təxminən 200 min AZN dəyərində olan yeni nəqliyyat vasitəsi alınıb.

Bu barədə Futbolun İnkişafı Fondunun (FİF) rəhbəri Tural Piriyev jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, bu məbləğin yarısı fond, digər yarısı isə “Turan Tovuz”un əsas sponsoru olan “Huner Group” tərəfindən ödənilib:

“Avtobusun qiyməti 200 min manatdır. Bu vəsaitin 100 min manatı “Turan Tovuz 100 k” layihəsindən yığılıb. Digər 100 min manatı isə “Huner Group” ayırıb. Avtobus ən yaxın zamanda kluba təhvil veriləcək”.

Tural Piriyevin sözlərinə görə, FIF sahibkarlara güzəşt edilməsi üçün sənəd hazırlayıb. O, hətta vergi nizamnaməsi ilə bağlı sənədi aidiyyəti qurumlara təqdim etdiklərini bildirib: “Bunun hazırlanmasında bir çox qurumlarla əməkdaşlıq etmişik. Həm Milli Məclisin üzvləri, həm dövlət qurumları, həm də Gənclər və İdman Nazirliyi ilə məsləhətləşmişik. Sənəd artıq əlimizdə hazırdır. Müvafiq qurumlara yönəldirik. Sənədin məğzi idman sahəsinə investisiya edən sahibkarlara motivasiya vermək baxımından stimullaşdırmaq üçün onlara müəyyən güzəştlərin edilməsindən ibarətdir. Təklif etmişik ki, şirkətlər, sahibkarlar futbola investisiya elədikləri məbləği vergidən edilən endirimlər vasitəsilə sığortalaya bilsinlər”.

Piriyev “Kəpəz”lə də bağlı layihənin davam etdirildiyini söyləyib: “Kəpəz”lə bağlı “100k” layihəsi davam edir. Həmçinin bölgələrdə sahibkarlarla görüşürük. Başqa layihələr də nəzərdə tutmuşuq. Martın 9-da Gəncədə geniş görüşümüz olacaq. “Kəpəz”lə bağlı “100k” layihəsində hələ 12 faizlik nəticə əldə etmişik. İnanıram ki, yaxın zamanda “Kəpəz”in avtobus məsələsi də həllini tapacaq”.

Xatırladaq ki, Gəncə və Tovuz təmsilçiləri uzun fasilədən sonra bu mövsüm yenidən Azərbaycan Premyer Liqasında iştirak etməyə başlayıblar. Tovuz klubu geridə qalan 25 turda 26 xal toplayıb və 6-cı pillədə qərarlaşıb. Gəncəlilər isə 20 xalla 8-cidirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: