“Kəpəz”in hücumçusu Abdullahi Şuaybu Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutacaq “Neftçi” ilə oyunu buraxacaq. Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda “Neftçi” ilə oyuna iki itki ilə çıxacaq. Belə ki, Abdullahi Şuaybu və Georgi Kantariya cəzalı olduqları üçün Gəncə təmsilçisinə kömək edə bilməyəcəklər.
“Kəpəz”in bombardiri olan Şuaybu 25-ci turda “Sabah”la səfər görüşündə aldığı birbaşa qırmızı vərəqəyə görə komandasının oyununu kənardan izləmək məcburiyyətində qalıb. Nigerdiyadan olan gənc hücumçu ötən tur “Zirə” ilə matçda da forma geyinə bilməmişdi.
Georgi Kantariya isə sarı vərəqə limitini doldurduğuna görə cəzalı vəziyyətə düşüb. O, məhz “Zirə” ilə 1:1 hesabıyla bitən ev oyununda növbəti sarı vərəqə ilə cəza həddinə çatmışdı.
Xatırladaq ki, Şuaybu 2022-ci ilin iyul ayından “Kəpəz”də forma geyinir. 21 yaşlı forvard Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 27 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Kantariya da 2022-ci ilin iyul ayından Gəncə klubundadır. Gürcüstandan olan 25 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində 24 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, bu gün keçiriləcək “Neftçi” – “Kəpəz” matçına saat 19:00-da start veriləcək.


