Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyev klubla yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, tərəflər yeni 1 illik müqaviləyə imza atıblar. Bir sözlə, təcrübəli müdafiəçi 2023/24 mövsümünün sonunadək bu komandanın şərəfini qorumağa davam edəcək. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu mövsümün sonuna qədər idi.
Xatırladaq ki, Şəhriyar Əliyev bu mövsümün əvvəlindən “Turan Tovuz”da forma geyinir. O, 2022-ci ilin iyul ayında Tovuz klubu ilə 1 illik müqaviləyə imza atmışdı. 30 yaşlı müdafiəçi bu komandada 27 oyun keçirib, 1 qol da vurub. Təcrübəli oyunçu daha öncə “Kəpəz”, “Şamaxı”, “Bakı”, “Sumqayıt” və “Qarabağ”da da forma geyinib. O, Azərbaycan milli komandasında da 2 oyun keçirib.
Şəhriyar klubla yeni müqavilə bağlaması barədə “Turan Tovuz”un mətbuat xidmətinə açıqlama da verib:
“Peşəkar rəhbərlik və baş məşqçi, eləcə də komanda ilə nəfəs alan azarkeş amilinə görə buraya ilk gəldiyimdə də tərəddüd etməmişdim. Fikrimcə, qısa müddət ərzində özümüz haqqında müsbət fikir formalaşdıra bilmişik. Mövsümün sonuna hələ xeyli oyun var. Mümkün qədər çox xal toplamağa çalışacağıq. Kubokda da mübarizəmizi davam etdiririk. Daha bir il burada olacağıma görə xoşbəxtəm. Ümid edirəm ki, çıxışımızla azarkeşlərimizi sevindirəcəyik. Uzun müddət bu formanı geyinmək, bu forma altında uğurlar qazanmaq mənə də nəsib olar”.



