AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz” klubunun qapıçısı Kamal Bayramov ilə bağlı ünvaladığı şikayətinə baxıb. Arena.az saytı xəbər verir ki, qurum AFFA İntizam Komitəsinin Bayramovla bağlı verdiyi qərarda dəyişiklik edib.
İntizam Komitəsi 37 yaşlı qolkiperə 3 oyunluq sanksiya tətbiq etmişdi ki, o, bunun bir matçını çəkib. Apellyasiya Arbitraj Tribunalı qalan 2 matçlıq cəzanı isə 1-ə endirib. Digər 1 görüşlük cəza isə 6 aylıq sınaq müddəti ilə əvəzlənib.
Bayramov sınaq dövründə növbəti dəfə qayda pozuntularına yol versə, həmin 1 görüşlük cəza avtomatik bərpa olunacaq.
Xatırladaq ki, Kamal Bayramov Azərbaycan Premyer Liqasının 30-cu turunda “Kəpəz”lə oyun bitdikdən sonra rəqib oyunçuları təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılmışdı. Bu üzdən o, “Sabah”la 31-ci tur görüşünü buraxmaq məcburiyyətində qalıb.
Bayramov bu mövsümün əvvəlindən formasını geyindiyi “Turan Tovuz”da cəmi 7 oyuna çıxıb. Təcrübəli qolkiper əvvəllər “Zirə”, “Şamaxı”, “Səbail”, “Rəvan”, “Xəzər Lənkəran”, “Araz Naxçıvan” və AZAL-da da forma geyinib.


