“Sabah” – “Beşiktaş” matçından əldə olunan gəlir nə vaxt açıqlanır?

“Sabah”la Türkiyənin “Beşiktaş” komandası arasında Bakıda keçirilən xeyriyyə matçından əldə olunmuş gəlirin tezliklə açıqlanması gözlənilir. Arena.az saytına bu barədə “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Onun sözlərinə görə, müxtəlif gəlirlərlə bağlı hesablama prosesində xırda məqamlar çox olduğu üçün, proses uzanır. Yaxın zamanda bu xeyriyyə matçının nə qədər gəlir gətirdiyinə aydınlıq gəlməlidir.

Yeri gəlmişkən, bu gün “Sabah” və “Beşiktaş” klubları sözügedən xeyriyyə matçının oyun formalarını və bu qarşılaşma üçün hazırlanmış xüsusi şərflərin onlayn satışına başladıqlarını açıqlayıb. Azarkeşlər bu klubların rəsmi saytına daxil olaraq, xeyriyyə matçı üçün hazırlanmış forma və şərfləri satın ala bilərlər. Bu satışlardan da əldə olunacaq gəlir Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə ianə ediləcək.

Xatırladaq ki, mayın 13-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Sabah” – “Beşiktaş” oyunu 3:3 hesabıyla başa çatıb. Azərbaycan təmsilçisinin heyətində Aleksey Kaşuk dubl edib (4 və 6-cı dəqiqə), digər qolu Davit Volkov (70-ci dəqiqə) vurub. “Qara qartallar”ın heyətində isə Umut Meraş (24 və 44-cü dəqiqələr) dubla imza atıb, digər qolu 63-cü dəqiqədə penaltidən dəqiq yararlanan Cenk Tosun vurub.

Bu oyundan əldə olunan bütün gəlir qardaş ölkədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.

Daha öncə “Qarabağ” da Bakıda Türkiyənin digər nəhəngi “Qalatasaray”la xeyriyyə məqsədli oyun keçirmişdi. Həmin qarşılaşmanın gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil etmişdi. Həmin məbləğ qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndərilmişdi. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürülmüşdü.

“Qarabağ” – “Qalatasaray” matçı Bakı Olimpiya Stadionunda keçirilmişdi və İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: